Birinci Avropa Oyunları ilə bağlı yarışların keçiriləcəyi istiqamətlər və idman obyektləri üzrə marşrutlar müəyyən edilib və bununla bağlı bütün işlər görülüb.
Oxu.Az xəbər verir ki, Azərbaycanın Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) baş direktoru Elnur Abdullayevin AzərTAc-a müsahibəsində bildirdiyinə görə, hazırda idman obyektləri istiqamətində marşrutlarla bağlı “Bakı 2015” Avropa Oyunları Təşkilat Komitəsi ilə birgə test işləri həyata keçirilir.
“Hər bir marşrutun oyunlar zamanı necə fəaliyyət göstərəcəyi təhlil olunur və əlavə tədbirlər müəyyənləşdirilir”, - deyə, o bildirib.
Baş direktor qeyd edib ki, intellektual nəqliyyat sistemi çərçivəsində qurulan avtobus dayanacaqlarının NİİM-lə əlaqəsi yaradılıb və onların normal işləməsinə daim nəzarət olunur:
“Şəhərdən kənarda yerləşən dayanacaqlarda intellektual nəqliyyat sisteminin qurulması isə növbəti mərhələyə daxildir”.
E.Abdullayev avtobus dayanacaqlarında wi-fi sisteminin quraşdırılması istiqamətində iş aparıldığını da vurğulayıb.
“Şirkətlərlə görüşlər keçirilib, müəyyən hazırlıqlar görülüb və maliyyə vəsaiti ayrılacağı təqdirdə bu iş qısa müddətdə həyata keçiriləcək”, - deyə NİİM-in baş direktoru əlavə edib.