Azərbaycan illər sonra “Best Model of The World” gözəllik müsabiqəsində iştirak edəcək.
Bu haqda Oxu.Az-a məlumatı tanınmış təşkilatçı Aqil Məmiyev verib:
“Ölkəmiz illər keçdikdən sonra yenidən “Best Model of The World” dünya gözəllik yarışmasına oğlan və qız model təmsilçisini göndərəcək. Vaxt azlığı ilə əlaqədar olaraq biz Azərbaycanda final mərhələsini keçirməyəcəyik. Kastinq yolu ilə seçiləcək modellər Azərbaycan üzrə təşkilatı komitənin və müsabiqənin prezidentinin rəyinə əsasən ölkəmizi mötəbər yarışda təmsil edəcəklər. Seçilən iştirakçılar arasında boy, bədən ölçüləri, xarici dil biliyi, gözəllik və s. detallara üstünlük veriləcəkdir”.
Nəzərinizə çatdırırıq ki, müsabiqə 27 ildir ki, keçirilir. Bu il “Best Model of The World” gözəllik müsabiqəsinin final mərhələsi dekabr ayının 6-da İstanbulda keçiriləcək. Seçilən təmsilçilərimiz 30 noyabrdan İstanbula yola düşəcəklər.
Qeyd edək ki, yarışmanın prezidenti Erkan Özerman, Azərbaycan üzrə təşkilatçısı isə AES Group-un prezidenti Aqil Məmiyevdir.

Aytən Sadıqzadə