Türkiyəli məşhurlardan “Kurtlar vadisi” serialında Memati obrazı ilə tanıdığınız aktyor Gürkan Uygun, rəqqasə Asena, müğənnilər Gökhan Özen, Demet Akalın, Kaan Gülsoy, rumıniyalı qrup “Radio Killer” və müğənni İnna, rusiyalı müğənni Lolita və digər məşhurlar Bakıya gələcəklər.
Oxu.Az xəbər verir ki, Azərbaycana ulduz axınının səbəbi avqustun 23-ü paytaxtda “Crystal Hall”da keçiriləcək “Miss Globe İnternational” gözəllik müsabiqəsinin final mərhələsi ilə əlaqədardır.
Belə ki, həmin müsabiqədə 120 ölkənin gözəli iştirak edərək onlardan biri “Miss Globe İnternational” adına layiq görüləcək.
Xatırladırıq ki, mayda ölkəmizdə keçirilən müsabiqədə Şücai Banu İslam qızı “Miss Globe Azərbaycan” adına layiq görülərək əsas finala vəsiqə qazandı.
Məlumat üçün bildiririk ki, “Miss Globe İnternational” müsabiqəsi 88-ci dəfə 2012-ci ildə keçirilib və müsabiqənin qalibi Braziliyanı təmsil edən Jakelyne De Oliveira münsiflər heyətindən 184 bal alaraq “Gözəllik Kraliçası” seçilib.
89-cu “Miss Globe İnternational” 2014-cü il avqustun 23-də Azərbaycanda ilk dəfə olaraq həyata keçəcək. Müsabiqə 72 ölkədə yayımlanacaq.
Aytən Sadıqzadə
www.oxu.az