Bu gün Kempinski oteldə 31 May Beynəlxalq tütünlə mübarizə günündə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Prezident yanında Gənclər Fondu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin dəstəyi ilə “Addım” Gənclər təşkilatının birgə keçirdiyi “No Smoking” Film Festivalının açılış mərasimi keçiriləcək.
Oxu.Az xəbər verir ki, gecədə dövlət rəsmiləri, sənət və media nümayəndələri, tütün əleyhinə mühazirələr keçən mütəxəssislər iştirak edəcəklər. Artıq ikinci ildir ölkəmizdə böyük maraqla gerçəkləşən festivalın təşkilatçılığında digər maraqlı məqam isə onun tanıtım videoları ilə bağlıdır.
Ötən il Brilliant Dadaşova, Həmidə Ömərova, Murad Dadaşov, Flora Kərimova, Firdovsi Atakişiyev, Eldar Qasımov, Hüsniyyə Məhərrəmova, Sabina Babayeva, Aytən Səfərova, Felix Vişnevetski, Elnur Məmmədov və başqalarının iştirak etdiyi videoçarx geniş ajiotaj yaratmışdı.
Bu il isə layihənin reklam siması olan Brilliant Dadaşova hitlərindən birini tanıtım videosunda gənclərlə birgə ifa edib. Məhz 2-ci “No Smoking” Film Festivalının anonsu bu gün dünyanın 31 ölkəsində - Portuqaliya, ABŞ, Böyük Britaniya, Almaniya, BƏƏ, Hollandiya, Ukrayna, Rusiya, İsrael, Kanada, İspaniya və s. ölkələrdə ingilis subtitrlərilə yayımlanacaq. Nümayişin təşkilini “Addım” Gənclər Təşkilatı və Portuqaliyanın Unicer təşkilatı həyata keçirir.