Aprelin 13-də “Excelsior Hotel Baku”da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Bakı moda festivalı” keçirilib.
Oxu.Az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, festivalın təntənəli açılış mərasimində qeyd olunub ki, layihənin məqsədi Azərbaycan incəsənətinin geyim dizaynının və eləcə də moda sənətinin inkişafına təkan verilməsi, gənc istedadlı rəssamların və modelyerlərin üzə çıxarılması və onların tanınmış rəssam və yaradıcı insanlarla, o cümlədən peşəkar modelyerlərlə əlaqələrinin yaradılması və möhkəmləndirilməsidir.
Festival çərçivəsində 15-29 yaş arası 15 gənc modelyer-rəssamların kolleksiyalarının eskiz həllərindən ibarət geyimlər nümayişi olub. Xüsusi hazırlanmış səhnədə hər modelyerin minimum 3 geyimdən ibarət bir neçə kolleksiyası göstərilib.
Ümumilikdə, layihədə 65 gənc modelyer və modellər iştirak edib. Festival iştirakçıları sertifikatla, peşəkar münsiflər heyəti tərəfindən seçilmiş ilk üç yerin sahibləri isə diplomla təltif olunublar.
Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbə-müəllim heyəti, incəsənət adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.