Məşhur reper Cey-Zinin Roc Nation leybeli üzərində işləyən komandası Rita Oranı məhkəməyə verib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, 2008-ci ildə onlar müğənni ilə müqavilə imzalayıblar. Müqaviləyə əsasən, onlar müğənni üçün milyonlarla sərmayə yatırmalı, müğənni isə öz növbəsində onların leybli altında albom buraxmalı idi. Bu zaman ərzində Rita beş albom buraxıb, amma albomlardan yalnız biri Roc Nation-da işıq üzü görüb.
Keçən ilin dekabrında Rita leybli məhkəməyə verəndə münasibətlər gərginləşmişdi. Belə ki, müğənni əlində yetərincə materialın olduğunu, amma Roc Nation-un daha çox reperlərin karyerasına istiqamətləndiyi üçün ona vaxt ayırmadıqları səbəbindən albomunun gecikdiyini bildirmişdi.
Leyblin nümayəndələri Ritaya 2,3 milyon dollar sərf etdiklərini və indi həmin pulları geri qaytarmaq istədiklərini söyləyiblər. Oranın vəkili Hovard Kinq isə iddia edir ki, onlar Cey-Zi ilə Ritanı müqavilədən azad etməsi üçün danışıqlar aparırlar.
Xatırladaq ki, bu yaxınlarda müqaviləyə riayət etmədiyi üçün reperin özü də məhkəməyə verilib. “Parlux Fragrances” parfümeriya şirkəti onu, Gold Jay Z ətrinin promo-kampaniyasına mane olmaqda ittiham ediblər. Nəticədə şirkət 18 milyon dollar gəlirdən məhrum olub.
Parfümün yaradılmasına və onun tanıtımı üçün qoyulmuş 2 milyon dollar ilə bərabər “Parlux Fragrances”in itkisi 20 milyon dollar təşkil edir, şirkət bu pulların məşhurdan geri alınmasını tələb edib.