Britaniyalı aktrisa Ema Hussen Qərbi Afrikadan Avstraliyaya narkotik qaçaqmalçılığı etməkdə ittiham olunur.
Oxu.Az bu barədə Nine.com.au saytına istinadən xəbər verir.
Hussen Adelaida şəhərində yaşayan evli bir cütlüklə birlikdə saxlanılıb. Onlar ağac kömürünün içində gizlədilmiş, dəyəri 296 milyon dollar olan təxminən 320 kq metamfetamini ölkəyə qanunsuz gətirməyə cəhddə ittiham olunurlar.
Qanadan gətirilən ağac kömürü kisələri sərhəd xidməti əməkdaşlarının içəridə ağ rəngli kristal maddə aşkar etməsindən sonra rentgen müayinəsindən keçirilib və həmin maddənin metamfetamin olduğu müəyyən edilib.
Polis əməkdaşları Hussenin evində aparılan axtarış zamanı daha 32 çanta aşkarlayıblar. Hüquq-mühafizə orqanlarının iddiasına görə, əvvəllər bu çantalarda da narkotik vasitələr saxlanılıb.
Məhkəmənin qərarı ilə Hussen avqust ayında keçiriləcək növbəti iclasadək həbsdə qalacaq.
Qeyd edək ki, 34 yaşlı aktrisa "İst-End sakinləri" (EastEnders) serialının spin-offunda rol alıb, həmçinin Ceyson Stethemin yer aldığı "Kolibri effekti" (Hummingbird) filmində epizodik obrazlardan birini canlandırıb.