“Eurovision 2014” təmsilçimiz Dilarə Kazımova ilk dəfə olaraq nişanlısı haqqında danışıb.
Oxu.Az “Onlar” verilişinə istinadla xəbər verir ki, müğənni nişanlısı ilə müsabiqəyə qatılmazdan əvvəl tanış olduğunu söyləyib:
“O, mənə “Eurovision” ərəfəsində dəstək olub. Çox vaxt deyirlər ki, qadınlar ərə gedəndən sonra sənəti atır. Amma məndə belə olmayacaq. Mən sənətimi sevirəm, həyatımı musiqisiz təsəvvür edə bilmirəm.
Deyirlər ki, “Eurovision” düşərli olur, müğənnilərin bəxti açılır, ərə gedirlər. Mənim müsabiqədən əvvəl də o insanla münasibətim var idi. İstəyirdik müsabiqədən əvvəl toy edək. Amma qərar verdik ki, sentyabr-oktyabr aylarında olsun”.
Dilarə həmçinin yaradıcılıq işlərindən də söhbət açıb:
“Yeni mahnılar üzərində işləyirəm. İki bəstə hazırlayıram. Avropaya gedəcəm, təzə mahnılar yazdıracam, albom çıxaracam. Bu albomda həm avropalı, həm türk, həm də azərbaycanlı bəstəkarların musiqiləri yer alacaq.
Eldar Qasımovla da bir duetimiz olacaq. Biz Eldarla “Böyük səhnə”dən dost olmuşuq. Onunla həmişə məsləhətləşirəm”.
Aytən Sadıqzadə