Oxu.Az xəbər verir ki, müsahibəyə təsadüfən gözəl və gənc bir xanımla birlikdə gələn Dj Çina Mövqe.az-ın suallarını cavablayıb:
- Əvvəlcə elə yanınızdakı xanımdan başlayaq. Deyəsən, yaxın zamanda toy gözlənilir?
- Bu xanım qonağımdır. Bakıda qalmır. Amma azərbaycanlıdır. Dubayda yaşayır, orada ailəsi ilə birlikdə qalır, oxuyur. Bacısının kosmetik kompaniyasında baş menecer işləyir. Şəxsi həyatım barədə açıqlama vermək istəmirəm. Ancaq artıq deyə bilərəm ki, bu xanım nişanlımdır. Düzdü, hər şey formal şəkildə olmayıb, ancaq mən onu anamla görüşdürmüşəm. Biz də onlara gedib böyüklərinin xeyir-duasını alacağıq, inşallah. Sadəcə bu gün belə alındı ki, bir tədbirə gedirdik, müsahibəyə ona görə birlikdə qatılmaq məcburiyyətində qaldıq. Həm də ki, Aydan xanım sabah gedir, biz də çalışırıq bu müddət ərzində hər dəqiqəmizi birlikdə keçirək. Hətta mən bu səbəbdən bütün işlərimi də dondurmuşam. Anama söz vermişdim ki, maşını udsam evlənəcəyəm, yəqin ki, o arzu Allahın qismətidir. Qismətsə bəli, toy da olacaq.
- Bəs maraqlıdır Aydan xanımla necə tanış olmusunuz?
- Mən özüm Ərəb ölkələri ilə işləyirəm. Bizim azərbaycanlılar orada klubların, restoranların açılışını qeyd edəndə dəvət edirlər. Bir ildir ki, mən ora gedib, gəlirəm. Belə oldu ki, yaxın dostumun nişanlısının ailəsi ilə birlikdə eyni məkana yığışanda tanış olduq.Təsadüfi görüş oldu. Heç bir virtual tanışlıq olmadı, təsadüfi görüşdən mən bu insanı seçdim.
- Nişan, toy belə şeylərə çoxmu önəm verirsiniz?
- Nişan olmayıb. Ancaq mən Aydan xanımı gələcək həyat yoldaşım kimi görürəm. İnsan var bir-birini tanımaq üçün illər sərf edir, birləşəndə də hər şey artıq maraqsız olur. Həri, nişan, xınayaxdı, nə bilim nə yaxdı elə şeylər xoşbəxtlik üçün əsas meyar deyil. Bunlar adət ənənədir və toy gününə yaxın bir vaxtda reallaşdırmaq olar. Əgər bizim içimizdəki hisslər yüz faizlikdirsə elə şeylərə önəm verməyə gərək yoxdu.
- Sevgi Çina üçün nədir?
“Mən sevgiyə inanmazdım və ulduz kimi parıldamazdım”- Zamiq oxuyure... Sevgini axtarmaq lazım deyil, o özü insanı vaxtı çatanda gəlib, tapır.
- Sizi tapdı deyə bilərik?
- Aha, deyə bilərəm. Mən çox səhv etmişəm. 5 il istədiyim olub. Özümü məcbur etmişəm ki, hər şey yaxşı olacaq. Döz Çina... Amma olmadı, alınmadı. Düzəlmədi. Çox bağışladım. Sonda anladım ki, istəməyən insanı məcbur etmək olmaz.
- Bəs indi xoşbəxtsizmi?
- Mən indi deməliydim bəli, bəli, bəli. Amma demirəm. Xoşbəxtliyi hiss edirəm. Yarım xoşbəxt olandan sonra mən də deyə bilərəm ki, mən xoşbəxtəm.
- Bu zaman Aydan xanımdan soruşuruq siz xoşbəxtsinizmi?
- (gülür-red) Bəli, deyə utana-utana cavab verir.
Daha sonra Çina ilə səmimi söhbətimizə davam edirik:
- Aydan xanıma nə isə qadağa qoymusunuzmu? Və ya evlənəndən sonra, bəlkə qadağa qoydunuz.
- Yox, heç bir qadağa qoymamışam və qadağa da ola bilməz. Onunla mənim artıq qaydalarım eynidir. Ona nəsə deməyə ehtiyac yoxdur. O, özü hər şeyi bilir və çox düzgün tərbiyə alıb. Ağlı var, özü hər şeyi bilir. Hiss edirəm yanımda oturub və indi ürəyində məni bu sözləri dediyimə görə alqışlayır. (gülürlər – red) Qızlar var ki, arada məni Facebookdan pozurlar. Yazıram niyə pozmusan, deyir oğlanım qoymur. Deyirəm ki, sən mənim dostumsan da, məndən artıq nəsə hərəkət görmüsən? Deyir ki, Çina yox. Deyirəm onda kül sənin oğlanının başına ki, mənim kimi insana səni qısqanır. Demirəm mələyəm, sadəcə adi dost kimi münasibətim olan qızlar hər zaman olub və olacaq da... Mən etibarlı dostam.
- Şəxsi həyatınız barədə çox açıqlama verməyi xoşlamırsınız. Deyəsən, gözə gəlməkdən qorxursunuz.
- Bu günə kimi şəxsi həyatımla bağlı təkcə bir şey demişəm ki, subayam, vəssalam. Çünki bəzi insanların gözə gətirməyindən, paxıllığından qorxuram. Realiti şoudan sonra ümumiyyətlə hər şeydən küsmüşəm. O şouda təkcə İlqar Mikayıloğlu mənə dəstək oldu.Yanımda olmasa da şoudan əvvəl və sonra mənə çox kömək edirdi. O şouda mən çox sındım.
- Nə idi sizi “sındıran”?
- Orada inanırdım, insana sözümü deyirdim, fikrimi, hisslərmi bölüşürdüm sonra həmin kəsdən xəyanət görürdüm və inanın çox-çox pis olurdum.
- Jurnalist Vüqarı şoudan kənar etdikdən sonra peşman oldunuz. Səbəb nə idi?
- Hüseyn taktika işlətdi. Mənə guya dəstək oldu. Vüqarı ancaq şouda çox istədim. Hüseynin isə əsl Hüseynliyini, insanın başqa üzünü gördüm. Mən necə idimsə, efirdə də elə idim. İkiüzlülüyüm yox idi. Kameraya oynamırdım.
- Hüseyn sonda avtomobildən əlini sizə görə çəkdi ki, xoşbəxt olasınız, ya bunun altında başqa məsələlər də var idi?
- Elə dedi. Ancaq 2 gün dayandıqdan sonra əlini çəkdi. Bilirsinizmi, mən bu xanıma ( nişanlısı Aydanı göstərir) qarşı ciddiyəmsə mən onu 5 il aldatmaram, söhbəti uzatmaram. Edən insan yerində və vaxtında lazım olan hərəkəti edər. Sovetski uşaqlarının belə bir misalı var. Deyirlər ki, bıçağı çıxarırsansa vur. Yoxsa vuraram demə, vuraram deməklə deyil. Bilirsinizmi, orada elə ab-hava yaranmışdı ki, kameralar yaddan çıxmışdı. Unudulmuşdu ki, bu verilişə analarımız, bacılarımız baxır. O fit çalırdı, qeyri-etik hərəkətlər edirdi. Şounun iştirakçısı Aydan elə vəziyyətə düşdü ki, ağrıdan yerə uzandı. Çox pis idi. Mən başqa mədəniyyətə sahibəm. Tamam başqa cür insanam. Çox vaxt susurdum. Çünki şoka düşürdüm və səbrimi basa bilirdim. Mənə dəmir deyirlər. Doğrudan da dəmir idim ki, elə şeylərə dözdüm. Mən orada əksər insanların əsl sifətini gördüm. Günel Hümbətova kişi kimi qızdır. Mənə çox dəstək verdi. Halbuki o istədiyi insanları mən çıxartmadım. Amma o yenə məni başa düşdü. Mən o qıza görə hər şeyi qurban verərəm. Şəhriyar Əbilov isə dostum ola-ola yazırdılar ki, elə adda dostum yoxdur. Amma şouya gələndə mənə dəstək olduğunu bildirmişdi. Mən çox incidim.
- Deyirlər avtomobili satmısınız. Avtomobil Hüseyndədirmi?
Xeyr, yalan xəbərdir.
- Deyirlər Hüseynə pul verəcəksiniz. Elə sövdələşmisiniz?
- Biz Hüseynlə aramızda danışmışıq, o söhbət bu gün də gedir və o söhbəti ondan və məndən başqa heç kim bilmir.
- Bəs avtomobil?
- Qazandığım avtomobilin qiyməti təxmini 25 min olardı mən də onu etibarnamə ilə vermişəm başqasına 5 min aşağısına. İstəyəndə özüm də sürürəm. 5 uşaqlar evinə də köməklik etmişəm. Düzdür, təxmini 10 min manat civarında olar. Mənim üçün avtomobildən də önəmli birincilik idi. Bu haqda çox danışmaq istəmirəm.
- Murad Dadaşovla aranızda maşını satdığınıza görə problem yaşanıbmı?
- Xeyr, Murad Dadaşov bu məsələlərdən xəbərsizdir. M GROUP production və Murad Dadaşov şoudan sonra iştirakçıların həyatına qarışmır. Deyiblər 1 il ərzində maşını satmaq olmaz, mən də satmamışam, vəssalam.
- Ailədaxili problemləriniz olduğu deyilirdi. Atanızla bağlı aranızda nəsə problem varmı?
- Yox, mən elə tərbiyə almamışam ki, evdən gedim. Atama hörmət etməsəm anama hörmət etməliyəm. Ən aşağı səviyyəsiz insan anasının üzünə qapı çırpıb gedər. Anam həmişə mənə dəstək olur. Atam isə dənizdə hərbçidir. Piter şəhərində işləyir. Vəzifəli və çox gözəl insandır. Dövlət tərəfindən ona ev və mükafatlar verilib. Mən onunla fəxr edirəm. Mənim atamla aramda olanı heç anam bilmir. Xoş günümdə atam da yanımda olacaq. Keçmiş həyatda nələrsə olubsa mən onu qınamıram.
- Aydan xanımla olan münasibəti atanız bilirmi?
- Yox, bilmir. Amma bu dəfə gedəndə birlikdə gedərik, inşallah. O, həmişə mənə deyir ki, bu dəfə yarınla gəl.
- Dj Çina digər azərbaycanlı diceylərdən nə ilə fərqlənir?
- İlk növbədə adım və soyadımla. Çingiz Mustafayev ad və soyadını daşıyıram və bununla fəxr edirəm. Buna görə mən birinci olmalıyam. Ukraynada olan festivalda da birinci olmuşam, xarici ölkələrdə böyük tədbirlərdə iştirak etmişəm. Məsələn Dubayda geniş auditoriya qarşısına çıxmaq üçün icazə lazımdır. Mən orada da çıxış etmişəm. Azərbaycanın milli kolaritli mahnılarını remiks edirdim. İlk dicey oldum ki,verilişə çıxdım. İndi yemək bişirilən, ağlamalı verilişlərdə də dicey var. Amma bu nəyə lazım? Lazım oldu, olmadı diceylər həmin verilişlərdə iştirak edir.
- Toylara neçəyə gedirsiniz?
- 1000 AZN-dən aşağı getmirəm.