Türkiyənin məşhur “O səs Türkiyə” yarışmasının bu gecə keçirilmiş finalını yəqin Azərbaycan əhalisinin böyük bir hissəsi izləyirdi.
Axı həmin yarışın finalında xalqımızı təmsil edən Elnur Hüseynov mübarizə aparırdı və Azərbaycan qələbə gözləyirdi.
Artıq finaldan əvvəl də hər kəs mükəmməl səsə malik Elnurun qalib gələcəyinə əmin idi və bu da baş verdi.
Elnur ona bəslənilən ümidləri doğrultdu, qalib gəldi, Azərbaycanı, azərbaycanlıları sevindirdi.
Lakin həmin yarışmada nəzərdən qaçmayan bir məqam isə çox təəssüf ki, artıq bəzi həmvətənlərimiz sayəsində vərdiş halını almış tərs tutulmuş Azərbaycan bayrağı oldu...
Belə ki, Elnurun qalib gəldiyi elan edildikdən sonra operator ona dəstək olmaq üçün verilişə gəlmiş və özləri ilə bayraq gətirmiş azərbaycanlıları göstərir.
Bu zaman nəzər yetirmək olar ki, sevincindən hər şeyi unudan bir şəxs Azərbaycan bayrağını tərs tutub – mavi, qırmızı yaşıl əvəzinə yaşıl, qırmızı və mavi sıralanması görünür ekranda....
Həmvətənimizin belə çılğın sevincini anlamaq olar – dünən bütün Azərbaycan sevindi. Lakin hər hansı bir azərbaycanlının istənilən qələbəsi heç vaxt əsas verməz ki, bayraq unudulsun, bayrağımızın rəngləri yaddan çıxarılsın.
Bəziləri bəlkə də məni xırdalıq etməkdə günahlandıracaqlar – eybi yoxdur, əsas qalib gəldik və sair deyəcəklər... Lakin bu məsələ aysberqin görünən tərəfidir. Əgər diqqət yetirsəniz, cəmiyyətimizdə bayrağımıza olan münasibət hələ tam yetkin deyil.
Bayrağın müqəddəs olduğu hiss olunmur. Futbol matçlarında özləri ilə stadiona bayraq daşıyanlara da diqqət yetirə bilərsiz – əksəriyyət bunu bayraqla fotoşəkil çəkdirmək, özünü vətənpərvər göstərmək üçün edir, bayrağı müqəddəs hesab etdiyi üçün yox. Və bu hallarda da dəfələrlə bayrağımızın tərs tutulduğuna şahidlik etmişik...
Bəs Azərbaycanın “Eurovision-2012” müsabiqəsində qalib gələrkən sevincindən özünü itirib səhnəyə Türkiyə bayrağı ilə qaçan, daha sonra isə öz bayrağımızı yadına salıb onu başı üzərində qaldıran, yenə də özünü unudaraq Azərbaycan bayrağını tərs tutan Eldar və Nigar cütlüyü necə?...
Bəli, insan sevinə bilər, sevincindən özünü itirə bilər... Lakin bütün bunlar heç zaman və heç bir vaxt öz doğma, milli bayrağına qarşı edilmiş həqarətin, təhqirin əsaslandırılması ola bilməz, bayrağa qarşı belə hərəkətə haqq qazandıra bilməz.
