Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Faiq Ağayev: Cəzalandırmasaq, fəlakətlər qarşısında aciz qalacağıq
Bir qrup müxalifətçinin sosial şəbəkələrdə AYB sədri, yazıçı Anarın və Çingiz Abdullayevin kitablarının yandırılması ilə bağlı təklifə Xalq artisti Faiq Ağayev sərt reaksiya verib.
Oxu.Az xəbər verir ki, o, məsələ ilə bağlı “Facebook” hesabında yazıb:
“Cəmiyyət olaraq hamımızın kəskin etirazına səbəb olan bir sıra olayların kökündə tərbiyəsizliyə qarşı ictimai qınağın olmaması durur.
Ziyalılar susur, vicdanlı, namuslu vətəndaşlarımız susur, din və dövlət məmurları, millət vəkilləri belə susur.
Nədir, necə gerizəkalılıqdır o kitab yandırmaq azarı?
Hansı mağara düşüncəsi sahibləri bunu həyasızcasına həyata keçirmək cəhdindədir? Niyə göz yumub, yan keçirik bu vandalizm, barbarlıq, vəhşilik nümunəsindən?
Tarixin hansı kəsiyində bu tərz dölbeynlik xeyir gətirib ki: “Əşşi, nə işimə?” deyib, rahatcasına əhəmiyyətsizlik nümayiş etdirək?
Çingiz Abdullayev bu məmləkətə namusla xidmət edən böyük şəxsiyyətdir.
Ona qarşı törədilən bu çirkin əməllər mənəviyyatımıza, mədəniyyətimizə, milli heysiyyatımıza qarşı törədilən hücum və cinayətdir.
Bu gün qınayıb, cəzalandırmasaq o kəsləri, sabah böyük fəlakətlər qarşısında aciz qalacağıq. Gec olacaq artıq. Gücümüz – birlikdədir!”
Qeyd edək ki, sözügedən təklifə Çingiz Abdullayev də öz reaksiyanını sosial media hesabından bəyan etmişdi.
Pərviz Hüseyn
www.oxu.az
Rəylər