Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Fantastik qiymətə toya gedən Natiq Şirinov: “45 000 çox kiçik rəqəmdir, 220 min manat qazanmışam” - FOTO
“45 min manat çox kiçik rəqəmdir. Elə məclis olub ki, 150-220 min manat qazanmışam”.
Bunu “Qaynarinfo”ya Xalq artisti Natiq Şirinov rəhbərlik etdiyi “Natiq” ritm qrupunun toy qiymətləri ilə bağlı danışarkən deyib.
O, sənətinin bu səviyyəyə gəlib çatmasına görə sağlamlığını itirdiyini bildirib:
“Vaxt var idi, Natiq toya 10 manata gedirdi. Niyə ondan yazan yox idi? Mən nağaranın qiymətini 10 manatdan 220 min manata qaldıran sənətkaram. Nağara yox idi, amma mən onu əllərimlə dünyaya tanıtdım. Türkiyəli sənətçi Murat Boz Azərbaycana 400 min dollara gələndə heç bunu yazan olmadı, mənim toy qiymətimi elə tez yazırlar ki... Ledi Qaqa iki milyona Azərbaycana gəlmişdi. Yaxşı ediblər, qiymətləri də odur və bu pulu onlara verənlər də sağ olsunlar. Nəyisə biz istəməklə deyil, gərək onu Allah versin. Amma mənim bu yolda sağlamlığım gedib”.
Natiq Şirinov 200-220 min manatı konsertlərdən, tədbirlərdən götürdüyünü açıqlayıb:
“Bu boyda pulu toyda verməzlər. Biz məclisə 80 nəfərlə giririk və 45 min manat alırıq. Həmin tədbirlərdə Xalq artisti Alim Qasımov və “Mirvari” rəqs qrupunun üzvləri də bizimlə birlikdə olurlar. Proqramımızda 10-dan çox nömrə nümayiş etdiririk. Axırda aldığımız pulu 85 nəfərin arasında bölürük. Ondan mənə 1 500 manat çata, ya çatmaya. Mən rəhbər olmadım ki, musiqiçimə 20 manat verəm. Bu gün musiqiçim bir tədbirə 300 manatdan aşağı getmir. Düz də edir. Mən düz adamam. Qazancımı niyə tək yeyim? Onlar da mənimlə əziyyət çəkirlər. Sağ olsunlar, bizdən yazanlar reklam edirlər”.
Natiq Şirinov bir il ərzində əllərinin müalicəsinə sərf etdiyi məbləği də açıqlayıb:
“Gəlin, mənim əlimə baxın. 2004-cü ildən bu günə kimi hər il əllərimi müalicə etdirirəm. Hər il mən 20 min dollardan çox müalicəyə pul verirəm. Niyə bunu yazmırsınız? Beynəlxalq festivallarda yer tutmaq, Azərbaycan nağarasını dünyaya tanıtmaq üçün əllərimi bu yolda qoydum. Festivallarda qələbə qazanmaq üçün əllərimi nağaraya vurmaqdan çürümə başladı. Natiq erməninin əlindən nağaranı alan adamdır. Siz bunu görmürsünüz? Xalqıma canım qurban, dünyada mənim xalqımdan yoxdur. Mənim xalqım məni çox istəyir. Əllərimin qabarı ilə xalqıma xidmət edib, ailəmə çörək qazanmışam. Yüzlərlə Azərbaycan gəncini yetişdirib dünyaya yaymışam. Sənətkarın dəyəri öpüşlə, əl çalmaqla deyil e, onun qiymətini maddiyyatla ortaya qoyarlar. 200 min nədir ki? Bu, nağara musiqi sənətinə verilən qiymətdir”.
Qeyd edək ki, Xalq artisti Natiq Şirinovun rəhbəri olduğu “Natiq” ritm qrupunun toy qiymətləri açıqlanıb. Belə ki, qonorar 1 500 manatla 45 min manat arasında dəyişir.
Natiq Şirinov toyda açılış və aşgətirmə mərasimində yer alırsa, 15 nəfərlik musiqiçi ilə 10 min manat tələb edir. Əgər gəlingötürdü, açılış, aşgətirdi və “Yallı” istəyirsinizsə, 25 min manat ödəməlisiniz. Qavaldaşı dinləməyi arzulayanlar 17 min manat ödəməlidirlər.
Məclisdə Alim Qasımov yer alarsa, bu qiymət 30 min manata yüksəlir. Qrupun “Premium paket” adlandırdığı xidmət isə 45 min manatdır. Buna isə gəlingötürdü, Natiq Şirinov və Alim Qasımovun yer aldığı açılış mərasimi, aşgətirdi və “Yallı” daxildir.
"Alim Qasımov" teqi üzrə xəbərlər
- Alim Qasımov: "Mikrofonu İbrahim Tatlısəsə uzatdım, mənimlə oxumadı"
- Azərbaycan muğamını dünyaya tanıdan sənətkar: Xalq artisti Alim Qasımovun doğum günüdür
- Bazarda işləyən müğənni: “Efirə çıxandan sonra işimi itirdim” - VİDEO
- Bakıda özbəkistanlı idmançı azərbaycanlı xanımla evləndi - VİDEO
- Natiq Şirinov və Alim Qasımovun heyrətləndirici TOY QİYMƏTLƏRİ + FOTO
Rəylər