Oxu.Az-ın məşhur Azərbaycan müğənnisi, Rusiyanın “Qolos” müsabiqəsinin iştirakçısı Fərid Əsgərov ilə müsahibəsi:
- Siz Rusiyanın “Qolos” müsabiqəsində böyük populyarlıq qazandız. Sizin üçün xaricdə tanınmaq daha asan idi, yoxsa vətəndə?
- Burada mən restoranlarda, tədbirlərdə oxuyurdum və müəyyən çevrələrdə yetərincə populyar idim. Amma “Qolos”-da iştirak edərkən, məni böyük sevinclə qarşılayan daha geniş publikanın qarşısına çıxdım. Məni vətəndə, eləcə də bütün dünyada televiziya tamaşaçıları gördü.
Azərbaycan istedadlı insanları dəyərləndirir, mən hesab edirəm ki, tez ya gec elə ölkəmizdə də məni tanıyacaqdılar, amma yerli miqyasda. Fevral ayının 21-də Jaz Centre-də olacaq konsertimin Azərbaycan publikası tərəfindən maraqla qarşılanması faktı mənim üçün “Qolos” müsabiqəsi sayəsində vətənimdə qazandığım böyük nailiyyətdir. Biletlər qısa bir zamanda satıldı. Mən, düzünü desəm belə anşlaq gözləmirdim.

Mənim üçün belə gözlənilməz maraq ucbatından Jaz Centre-nin rəhbərliyi məndən fevralın 22-də daha bir konsert verməyi xahiş etdi. Belə ki, konsertə düşmək istəyənlərin sayı həddən artıq çoxdur, bilet isə artıq yoxdur. Beləliklə, sizi 21 və 22 fevralda Jaz Centre-də gözləyirəm. Pərəstişkarlarımı maraqlı konsert gözləyir. Gəlin, hamınıza hədsiz şad olacam!
- Burada daha çox rəqabət və ya digər səbəblər özünü göstərir?
- Hardasa hə, hardasa yox. İstərdim ki, ifaçılar öz üslublarını, öz musiqi janrlarını tapsınlar. Azərbaycanda istedadlı müğənni çoxdur, amma tanınmaq üçün yalnız istedad azdır, öz üzərində çox işləmək lazımdır. Mən indi məhz bununla məşğulam.
- Yerli şou-biznes nümayəndələrinin toylarda oxumağına necə baxırsınız? Sizə belə bir təklif olub? Əgər olubsa buna necə reaksiya vermisiniz, və ümumiyyətlə, müğənni toylarda oxumalıdır?
- Bəli, gizlətməyəcəm. Mənə də toylarda oxumaq təklif edilib. Amma mən indi öz yaradıcılığım, musiqi ilə məşğulam. Dediyim kimi, çox iş, çox layihə var, onları yaxın günlərdə həyata keçirəcəm. Müğənninin toyda oxumalı olub-olmamasına gəldikdə isə, bu, onun üçün gəlir mənbəyidir, toyda oxumaq eyib deyil. Amma yaradıcı insan, məhz yaradıcılığa, peşəkar inkişafa daha çox yönəlməlidir.
- Müasir məvacib. O nə qədər olmalıdır sizcə?
- Bizim dövrdə məvacib, növbəti dəfə məvacib alana qədər bitməyəcək qədər olmalıdır (gülür). Hər bir insanın öz tələbatı var. Kimə isə beş min də çatmır, kimi isə elə 500 manata da pis yaşamır.

- Necə düşünürsüz, bizim cəmiyyətdə “hörmət” elementi niyə belə yayılıb?
- Dediyiniz bu elementi mən də bəyənmirəm. Çox ümid edirəm ki, bu, birdəfəlik yox olacaq. Bunlar keçmişin qalıqlarıdır. Qeyd etmək istərdim ki, bəzi insanlar problemlərini “hörmət”lə daha asan həll edirlər. Amma mən əminəm ki, özünə hörmət edən insanlar başqalarına da hörmət etməlidirlər. Və hörmət sözünü məhz ilkin mənada işlətməlidirlər.
- Siz münasibətlərin yumruq vasitəsilə aydınlaşdırılmasına necə baxırsız? Çoxları düşünür ki, 21-ci əsrdə yaşayırıq və bu, yolverilməzdir. Amma söz başa düşülməyən yerdə nə etmək olar?
- Pasifizm çox yaxşı şeydir, amma hər temperament bu strategiyaya uyğun deyil. Əlbəttə, istənilən situasiyadan sözlə çıxış yolu tapmaq lazımdır. O dəqiqə yumruğu işə salmaq olmaz, amma əgər kimsə ailəmi, mənə əziz insanları təhqir edərsə, mənim buna sakit reaksiya verə bilməyəcəyim təbiidir. O insan etdiyinə peşman olacaq.

- Güclü cinsin saç boyaması, saç uzatması, pirsinq və ya sırğa taxması cəmiyyətimizdə qınağa səbəb olur. Sizcə belə münasibətin səbəbi nədir?
- Əgər yaradıcı insandan, artistdən danışırıqsa, bu, mümkündür. Bu və ya digər özünəməxsusluq onun fikrini ifadə edə bilər, onun ampluasının tərkib hissəsi ola bilər. Ümumiyyətlə isə düşünürəm ki, bizim xalqımızın əksəriyyəti üçün bu, hələ də yolverilməzdir. Şəxsən mən kişilərin sırğa taxmasına və ya saç boyamasına neytral yanaşanlardanam. Amma əgər məndən öz imicimi bu istiqamətdə dəyişə biləcəyimi soruşsanız, dəqiq cavabdan çəkinərəm.

- Azərbaycan respublikasının hüdudlarından kənarda olarkən siz ermənilərlə dostluğu mümkün hesab edirsinizmi? Siz bu xalqın nümayəndələrinin səmimi niyyətlərinə inanırsınızmı?
- Sizə bunu deyərdim: heç nə unudulmayıb. Azərbaycan tarixi boyu onların bizə dost olmadığı bəlli olub. Səmimiyyətə inana bilmirəm və bilməyəcəm də. Moskvada ermənilərlə görüşməli olurdum, mən onlarla azərbaycanlılara xas mədəni və etik davranırdım. Amma çox vaxt yan keçməyə çalışırdım, çünki onlar daima mənim üçün və mənim xalqım üçün düşmən olaraq qalacaqlar.
