Əməkdar Artist Fidan Hacıyeva Heydər Əliyev Sarayında geniş konsert proqramı ilə çıxış edib.
Oxu.Az AzərTAc-a istinadla xəbər verir ki, aprelin 19-da Heydər Əliyev Sarayında Əməkdar Artist Fidan Hacıyevanın “Sevgili canan” adlı solo konserti olub.
Müğənnini Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının 150 nəfərdən ibarət simfonik orkestri müşayiət edib.
Nəfis səhnə tərtibatı ilə diqqəti cəlb edən Heydər Əliyev Sarayında Fidan Hacıyeva ötən çıxışlarında olduğu kimi, bu dəfə də ayrı-ayrı bəstəkarların musiqi əsərləri ilə yanaşı, yeni işıq üzü görmüş musiqi albomuna daxil olan mahnıları tamaşaçılara təqdim edib.
Öz ecazkar səsi ilə musiqisevərlərin rəğbətini qazanmış Fidan Hacıyeva pərəstişkarlarını salamlayıb. Dünyanın bir çox şəhərlərində çıxış etdiyini qeyd edən tanınmış opera ifaçısı Bakıdakı konsertlərinin onun həyatında böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Konsertin birinci hissəsində tamaşaçılara tanış əsərlər səsləndirilib, ikinci hissədə isə sırf romanslar təqdim olunub.
Konsertin dirijoru Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Xalq Artisti Cavanşir Cəfərovdur.
Konsert üçün bir neçə il Amerikada təhsil almış aranjımançı Allahyar Rzayev tərəfindən yeni partituralar yazılıb.
Fidan Hacıyeva bu partituranı müğənni Çingiz Mustafayev ilə birlikdə ifa edib.
İki saatlıq konsert proqramında Fidan Hacıyeva görkəmli bəstəkarlar Üzeyir Hacıbəylinin, Cövdət Hacıyevin əsərləri ilə yanaşı, Tomas Arne, Friderik Şopen və digər dünya şöhrətli bəstəkarların repertuarından musiqilər də ifa edib.
Konsert boyu Heydər Əliyev Sarayının səhnəsində quraşdırılan xüsusi ekranlarda sənətçinin müxtəlif formada görüntüləri, yeni çəkilmiş videoçarxlar nümayiş etdirilib.
Azərbaycan klassik musiqisini müxtəlif dillərdə, yüksək peşəkarlıq və ustalıqla oxuyan müğənninin hər ifası tamaşaçılar tərəfindən dəfələrlə alqışlanıb.