“Karantin rejimi insanlarda aqressiyanı artırıb”.
Bu sözləri məşhur müğənni Günay İbrahimli Oxu.Az-ın əməkdaşı ilə söhbətində deyib.
Son günlər hamının əsəbi olduğunu bildirən sənətçi insanları ərzağı israf etməməyə səsləyib:

“Ötən həftəsonu karantin rejimi iki gün sərtləşdirildi. Bu müddət üçün insanlar ərzaq tədarükü görmək məqsədilə mağazalara axın etdilər. Dükanlarda insanların sayı digər günlərdən fərqli olaraq, qat-qat çox idi. Bunu görəndə marketə daxil olmaqdan vaz keçdim.
Çörəyi alandan sonra soyuducuda saxlayıram ki, xarab olmasın. Həmin günlərdə köhnə çörəkləri də yedim. İsrafçılıq etmədim.
Sərtləşdirilmiş karantin günləri bitdikdən sonra işlərimi həll etmək üçün küçəyə çıxdım. İnsanlar avtomobildə gedə-gedə əl-qolla danışır, kobud rəftar edirlər. Hiss edirəm ki, çox əsəbi və hirslidirlər. Kənardan bunları görmək təəssüf hissi doğurur.

Bu çətin günlərdə bir-birimizə dəstək olmaqdansa, əksinə, dalaşırıq. Karantin dövrünü səbir və təmkinlə keçirməliyik”.
Rəşad Əliyev