Ötən gün Beynəlxalq Mətbuat Mərkəzində Azəri qızı Günelin mətbuat konfransı oldu.
Oxu.Az xəbər verir ki, jurnalistləri salamlayan üçlük - Günel Zeynalova, Tunar Rəhmanoğlu və jurnalist Şahin Cavadsoy Azəri qızının gələcək planlarından söz açdılar.
Günel Zeynalova bu gündən sonra ona “Azəri Günel” - deyə müraciət olunmasını söylədi:
“Əziz dostlar, mən əvvəlki balaca qızcığaz Günel deyiləm. Artıq böyümüşəm. Həm də ailə qurmağa hazırlaşıram. Bundan sonra məni “Azəri qızı Günel” yox, “Azəri Günel” - deyə təqdim etməyinizi istəyirəm”.
Şəxsi həyatı ilə deyil, yalnız sənəti ilə gündəmə gəlmək istəyən müğənni Qarabağ bölgəsində konsert verməyə hazırlaşır:
“Bilirsiniz ki, mən özüm də Qarabağlıyam. Mart ayında Qarabağ bölgələrində konsert verməyə hazırlaşıram. Bu bir turne olacaq. Konsert səkkiz bölgədə, on iki gün davam edəcək.
Təxminən 10 nəfərdən az olmayaraq musiqiçi qrupla canlı-canlı, təmənnasız şəkildə işğal altında olan bölgələrin sərhəd ərazilərində olacağam. İlk olaraq düşmənə ən yaxın olan ərazidən - Quzanlıdan başlamağı planlaşdırıram. Bu konsertdə mənə qoşulmaq istəyən həmkarlarımı, jurnalist dostlarımı da dəvət edirəm”.
Aytən Sadıqzadə
www.oxu.az