Rusiyalı bloqer Hüseyn Həsənovun vəkili Mixail Yusupov Moskvanın Presnensk rayon məhkəməsinin müvəkkili barəsində çıxardığı qiyabi hökmlə bağlı açıqlama verib. Müdafiə tərəfi qərarla razı olmadığını bildirərək apellyasiya şikayəti verəcəyini açıqlayıb.
Oxu.Az super.ru-ya istinadən xəbər verir ki, Yusupov məhkəmədən fərqli qərar gözlədiklərini bildirib.
"Biz bəraət hökmünün çıxarılmasını və ya cinayət işinin prokurora qaytarılmasını xahiş etmişdik. Təəssüf ki, məhkəmə arqumentlərimizi nəzərə almadı. Qərardan apellyasiya şikayəti verəcəyik", - deyə vəkil bildirib.
Onun sözlərinə görə, Hüseyn Həsənov artıq məhkəmənin qərarı barədə məlumatlıdır. Lakin vəkil bloqerlə bundan sonrakı hüquqi addımların təfərrüatını hələ müzakirə etmədiyini qeyd edib.
Mixail Yusupov hesab edir ki, qiyabi hökm Həsənovun xaricdə qalmasına ciddi təsir göstərməyəcək.
"Bəzi hüquqi nüanslar var. Düşünürəm ki, hökm çıxarılmazdan əvvəlki vəziyyətlə müqayisədə onun xaricdə qalması baxımından ciddi dəyişiklik olmayacaq", - deyə vəkil vurğulayıb.
Müdafiəçi əlavə edib ki, hökm qanuni qüvvəyə minənədək onun icrası mümkün deyil. Buna görə də real cəzanın icrasından yayınmaq ehtimalı hələ də qalır.
Moskvanın Presnenski məhkəməsi tanınmış bloqer Hüseyn Həsənov barəsində qiyabi qərar qəbul edib. Maliyyə vəsaitlərinin qanuniləşdirilməsi (yuyulması) ilə bağlı cinayət işinə görə ona 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Oxu.Az bu barədə ura.ru saytına istinadən xəbər verir.
Azadlıqdan məhrum edilməkdən başqa, məhkəmə H.Həsənovu 1 milyon rubl cərimələyib və ona iki il ərzində internetdə hər hansı kontent yerləşdirməyə qadağa qoyub. Həmçinin, bloqerə məxsus olan və dəyəri 46 milyon rubl həcmində qiymətləndirilən "Moskva-Siti"dəki mənzil müsadirə edilib.
İstintaq materiallarına əsasən, Hüseyn Həsənov fərdi sahibkar statusunda olarkən 170 milyon rubldan artıq vergi ödənişlərindən yayınmaqda təqsirləndirilir.