Aprelin 21-də Heydər Əliyev Sarayında III “Univision” tələbə mahnı müsabiqəsinin final mərhələsi keçirilib.
Müsabiqə Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin birgə dəstəyi ilə reallaşdırılıb.
Oxu.Az AzərTAc-a istinadla xəbər verir ki, final gecəsində çıxış edən gənclər və idman naziri Azad Rəhimov artıq üçüncü ildir keçirilən “Univision” tələbə mahnı müsabiqəsinin tələbə gəncləri birləşdirdiyini söyləyib.
Nazir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən gənclər siyasətinin dəstəkləndiyini diqqətə çatdıraraq belə layihələrin istedadlı gəncləri üzə çıxarmaq baxımından əhəmiyyətini vurğulayıb və iştirakçılara uğurlar arzulayıb.
Azad Rəhimov ikinci dəfə təşkil olunacaq Beynəlxalq “Univision” tələbə mahnı müsabiqəsinin MDB ölkələrində və Avropada geniş vüsət aldığını qeyd edərək bildirib ki, beynəlxalq müsabiqəyə 20-dək ölkədən iştirakçılar qatılacaqlar.
Sonra finala vəsiqə qazanmış 14 iştirakçı - “ADA” Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Xəzər Universiteti, Naxçıvan Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universiteti, “Odlar Yurdu” Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri çıxışlarını təqdim ediblər.
İştirakçıların heç biri musiqi sahəsində professional olmasa da, gözəl performans nümayiş etdiriblər.
Münsiflər heyətinin qərarına əsasən, “ADA” Universitetinin təmsilçisi Günay Bədəlova birinci, Bakı Dövlət Universitetinin tələbəsi Əlihüseyn Quluzadə və Bakı Slavyan Universitetinin tələbəsi Kəmalə Novruzova ikinci, Azərbaycan Dövlət Neft Akademiyasını təmsil edən “Old Academy” qrupu isə üçüncü yerləri tutublar.
Müsabiqənin qalibinə 3 min və müsabiqənin simvolu, ikinci və üçüncü yerlərin sahiblərinə isə müvafiq olaraq 2000 və 1000 manat mükafat verilib.
Üçüncü “Univision” tələbə mahnı müsabiqəsinin qalibi Azərbaycanı mayın 14-dən 21-dək Bakıda keçiriləcək II Beynəlxalq “Univision” tələbə mahnı müsabiqəsində təmsil edəcək.