Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan İlham Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Lakin həmin maddənin ağırlaşdırıcı hissələri var. Teleaparıcıya həmin maddənin konkret hansı hissəsi ilə ittiham elan olunması qaranlıq olaraq qalır.
Oxu.Az xəbər verir ki, hüquqşünas Müzəffər Baxışın Milli.Az-a açıqlamasına görə, Cinayət Məcəlləsinin 178.1-ci maddəsi, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə başqa şəxsin əmlakını və əmlak hüquqlarını əldə etmə 30 manata qədər olarsa, bu zaman həbs cəzası yoxdur. İnzibati xəta kimi tövsif olunaraq İnzibati Xətalar Məcəlləsinin 69-cu maddəsi ilə cəzalandırılır.
Başqasının əmlakını və əmlak hüquqlarını əldə etmə 30 manatdan 1000 manata qədər olarsa, 178.1-ci maddə ilə tövsif olunur, cərimə cəzası və 2 ildən 3 ilədək azadlıqdan məhrumetmə, 1000 manatdan 7000 manata qədərdirsə, 178.2-ci maddə ilə ağırlaşdırıcı hallar kimi, 3 ildən 7 ilədək, 7000 manatdan yuxarıdırsa, 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Aparıcıya qarşı CM-nin 178.3 madəsi ilə ittiham irəli sürülsə, onun barəsində həbs-qətimkan tədbiri seçilə bilər. Çünki bu cinayət ağır cinayətlər kateqoriyasına aid olduğundan bu qəbildən olan cinayətlərə ibtidai istintaq dövründə həbs-qətimkan tədbiri seçilir.
Hüquqşünasın sözlərinə görə, İlham Mirzəyevə 178-ci maddə ilə ittiham elan olunub, amma bu maddənin hansı hissəsi olması barədə rəsmi məlumata rast gəlinmir. Ola bilər ki, həbs-qətimkan tədbiri seçilsin, amma 48 saat müddətinə şübhəli şəxs kimi saxlanma da ola bilər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Milli.Az-a açıqlamasında bildirdi ki, İ.Mirzəyevə qarşı ilkin olaraq 178-ci maddə ilə ittiham irəli sürülüb. İstintaqın gedişində həmin maddənin hansı hissəsinin tövsif ediləcəyi və onun barəsində həbs-qətimkan tədbirinin seçilib-seçilməyəcəyi məlum olacaq.