İlham Mirzəyevin həbsi ilə əlaqədar onun aparıcısı olduğu “Etibar edin” verilişi bağlanıb.
Oxu.Az xəbər verir ki, bunu aktual.az-a Space-in Kütləvi Verilişlər Departamentinin rəhbəri və İlham Mirzəyevin aparıcısı olduğu “Etibar edin” verilişinin rejissoru İman Məcidov bildirib. Onun sözlərinə görə, İlham Mirzəyevin işdən azad olunması haqqında hər hansı bir qərardan məlumatsızdır:
“Bu haqda bir məlumatım yoxdur, amma rəhbərliyin verilişi bağlamaq qərarından xəbərim var”.
Xatırladaq ki, aprelin 12-də Nərimanov rayon məhkəməsində keçirilən məhkəmə prosesində İlham Mirzəyev barəsində 178.2.3 və 178.2.4 maddələri ilə ittiham irəli sürülüb. Space-in efirində “Etiraf” (İ.Mirzəyevin ilk verilişi) verilişi ilə məşhurluq qazanan teleaparıcı məhkəmənin qərarı ilə 2 aylıq müddətində həbs edilib.
Aktual.az-ın əldə etdiyi məlumata görə, “Etibar edin”in öncədən 5-6 buraxılışının çəkilişi aparılsa da, İlham Mirzəyevin gözlənilməz həbsi rəhbərliyi çaşqın duruma salıb. Telekanal rəhbərliyi efirə hazır olan verilişləri yayımlamamaq qərarını qəbul edib.