Xalq artisti, mərhum sənətkar İlhamə Quliyevanın 40 mərasiminə az müddət qalıb. Lakin mərhumun başdaşının qoyulması ətrafında qalmaqal yaranıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov cebhe.info-ya açıqlama verərək bildirib ki, İ.Quliyevanın qəbirdaşının hazırlanması üçün sifariş verilib:
“Bunu Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırmışıq. Bütün maddi vəsait dövlət tərəfindən qarşılanacaq. Xalq artistinin ailəsi isə bununla bağlı bizə heç bir sifariş verməyib. Biz də ümumi standartlara uyğun olaraq mərhum Xalq artisti üçün qəbirdaşı hazırlatdıracağıq. Artıq bütün işlər yekunlaşmaq üzrədir. Bir həftə ərzində qəbirdaşı qoyulacaq”.
Mədəniyyət və Turizm Nazirliyindən isə AzNews.az-a verilən açıqlama isə S.Həsənovun dediklərini təkzib edib.
Qurumun ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Vüqar Şıxməmmədov bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi qəbirüstü abidənin qoyulması məsələsi ilə məşğul olmur:
“Xalq artisti, mərhum İlhamə Quliyevanın qəbirdaşının hazırlanmasının nazirliyə aidiyyəti yoxdur. Bu işlə Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Tresti məşğul olur. Bu, həmişə belə olub”.
Lent.az-ın əməkdaşı məsələ ilə bağlı mərhum xalq artistinin oğlu Orxan Nadirovla əlaqə saxlayıb.
O isə bildirib ki, İ.Quliyevanın qəbirdaşı hazırdır:
“Qəbirdaşı artıq hazırdır. Sabah mən qəbirdaşına baxacam, bəyənsəm, onu qoyacaqlar. Bu daşın maddi tərəfini mən yox, dövlət öz üzərinə götürüb”.
Qeyd edək ki, Xalq artisti İlhamə Quliyeva fevralın 25-də dünyasını dəyişib.