Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Keçmiş “Dəyirman” qrupunun üzvü ABD Malik: “Ölmüşəm, yoxam, dərin depressiyadayam” - MÜSAHİBƏ + FOTO
Keçmiş “Dəyirman” qrupunun üzvü, şou-biznesdə ABD Malik təxəllüsü ilə məşhurlaşan müğənni Malik Kələntərlinin Oxu.Az-a müsahibəsi:
- Əvvələr hər həftə sizi görə bilirdik. İndi isə tamamilə kənara çəkilmisiniz. Efirlərə gec-gec çıxmağınızın səbəbi nədir?
- Hazırda şou-biznesdəki vəziyyət məni qane etmir, xoşuma gəlmir, iş görməyə motivasiya vermir. Şou-biznes maraqsızlaşıb. 2000-ci ilin əvvəlində şou-biznes rəngarəng idi. Yazılan mahnılar, çəkilən kliplər fərqli və bənzərsiz idi. Hətta qalmaqallar belə səviyyəli olub. Səviyyəli və səviyyəsiz ifaçıların öz yerləri vardı. Səviyyəsiz səviyyəliyə qarışmırdı və əksinə... Hazırda hər şey və hamı bir-birinə qarışıb. Bunlar hamısı sosial şəbəkələrlə əlaqəlidir. Çünki sosial medianın köməyi ilə gündəmə gəlmək “iki vur iki” qədər asandır. “Instagram” da nəsə etsən, hamı səndən danışacaq.
Əvvələr müğənnilər ayda iki-üç mahnı yazdırırdılar. Hamı qulaq asıb, feyziyab olurdu. Müğənni mahnı buraxmaq üçün növbəti ayı gözləyirdi. İndi isə ifaçılar gündə iki-üç mahnı çıxarırlar. Belə olan halda həm müğənni, həm də dinləyici yorulur. Düşünürəm ki, bu kimi amillər şou-biznesimizi monoton və maraqsız edib. Bu səbəblərə görə mənim də hansısa iş və ya layihə etməyə əlim qalxmır.
- “5-ci element” proqramında bir neçə il aparıcılıq etdiniz. Sizin üçün aparıcılığın hansı avantajları oldu?
- Yaradıcı insan üçün incəsənətin bütün qolları maraqlıdır. İstər rəssam olsun, istər müğənni, istərsə də aparıcı. Hər zaman axtarışdayam. Özümü incəsənətin bir çox sahələrində görmək və sınamaq istəyirəm. Özüm bir neçə peşə ilə məşğul oluram. Müğənnilikdən savayı, böyük reklam şirkətinin icraçı rəhbəriyəm. Şəxsi ətir markam var. Həm də aparıcı kimi fəaliyyət göstərirəm. Düşünürəm ki, problemim ondadır ki, şaxələnirəm. Bir işə diqqətini cəmləyib, fokuslanmaq lazımdır. Fərqi yoxdur aparıcı və ya müğənni, səhnədə olmaq istəyirəm. Səhnə mənim üçün böyük anlam daşıyır. Daha çox aktyor olmaq istəyirəm. Məndə bu potensial var. Bunu hiss edirəm. Çox təəssüf ki, indiyə kimi heç bir filmə çəkməyiblər. Çəkmək də istəmirlər.
Türkiyədən dəvətlər alıram. Orada Azərbaycan üçün lentə alınan reklam çarxlarında çəkilən türkiyəli aktyorlara düzgün şəkildə sözləri tələffüz etməyi və jestləri öyrədirəm. İçlərində məşhur aktyorlar olmayıb ki, onların adlarını çəkim. Sıradan aktyorlar olub. Sözümün canı ondadır ki, aktyorluqdan başım çıxır. Hazırda mənə hansısa rol verilsə, həmin obrazın 100 faiz öhdəsindən gələ bilərəm.
Məni çox insan sevmir. Səbəbini bilmirəm. Düşmənim yoxdur. Çox zaman deyirlər ki, özümdən razıyam. Ola bilər ki, zahiri görünüşümdən və ya yerişimdən belə görünür. Bilmirəm... Ola bilsin, buna görə məni filmlərə aktyor kimi çağırmırlar. Bu, fərziyyəmdir. Ola bilsin ki, mənim bu istedadımdan xəbərləri yoxdur.
- Müğənnilik sənətindən sanki yavaş-yavaş uzaqlaşırsınız. Nə yeni layihə var, nə də mahnı...
- Mən “stop” deməmişəm. Səhnədən uzaqlaşmamışam. Mahnılar yazdırıb, kliplər çəkdirirəm. Verilişlərə dəvət alıram. Həmkarım Zamiq Hüseynovla bir ildən çoxdur ki, duet yazdırmışıq. Hələ də duet toxunulmaz olaraq, səsyazma studiyasında yatır. Sadəcə bu işin üstünə düşmək lazımdır. İşlərimin çoxluğundan çatdıra bilmirəm.
- Düşmən və ya zəhləniz getdiyi məşhur “5-ci element” proqramında qonaq oldu?
- Təbii ki, olub (gülür). Adını çəkmək istəmirəm. Fəxri adı yoxdur. Sıradan bir sənətçidir. Qadın və kişi olduğunu da deməyəcəyəm. Bəzən verilişin digər aparıcıları Ranar, Kamilə və Hüsniyyəyə deyirdim ki, “filankəsi” efirə çağırmayın. Dəvət etsəniz, mən onunla birgə verilişə çıxmayacağam. Digər aparıcılar məni dilə tuturdu, zəhləm gedən şəxslə (qonaqla - red.) bir yerdə efirə çıxırdım. Səhnədə heç kimlə düşmənçiliyim olmayıb. Açıq-aşkar qalmaqalım da olmayıb. Sadəcə elə insanlar var ki, onlardan zəhləm gedir. Hamı ilə arası yaxşı olan insanlardan qorxub, qaçmışam. Bu, anormal və qeyri-adekvat bir məsələdir. Əgər sən hamı ilə yaxşısansa, deməli ikiüzlüsən.
- Aparıcı olduğunuz “5-ci element”də hansı çətinliklərlə üzləşirdiniz?
- Üzərimə məsuliyyətli rubrika düşmüşdü. Gələn qonağın “Vikipediya”dakı məlumatlarını bir dəqiqə ərzində oxumalı idim. Rusdilli olduğumdan bəzən cümlələri, bəzən də sözləri tez-tez oxuyanda çaşırdım. Belə olan təqdirdə operatorlar həmin rubrikanı üç-dörd dəfə yenidən çəkirdilər. O rubrikadan zəhləm gedirdi.
- Ranar, Kamilə və Hüsniyyə... Onlardan hansı sizi verilişdə daha çox əsəbləşdirib, qıcıqlandırırdı?
- Kamilə məni hamıdan çox qıcıqlandırırdı. Kamilənin ağlı dilinin ucundadır. Hər şeyi adamın üzünə şillə kimi deyir. Hərdən olurdu ki, mən nəsə deyirdim, ağzımdan vurub öz sözünü və ya ideyasını söyləyirdi. Mən də kənarda qalırdım.
- Məşhurlar üsyan edirlər ki, pandemiya davam etsə, toy olmayacaq və biz məhv olacayıq. Pandemiya işlərinizi axsadıb?
- İnsan bir peşə sahibi olmalı deyil. Bir neçə peşəyə yiyələnməlidir. Müğənnilər anlamalıdır ki, səs hər zaman olmayacaq. Səs o qədər incədir ki, ona nəsə olsa, bütün həyatın məhv olacaq. Müğənnilərin “qara gün” üçün əlavə biznesləri olmalıdır. Misal üçün Akif İslamzadə... Allah ona möhtəşəm səs verdi, ehtiyatsızlıq səbəbi ilə Akif müəllim səsini itirdi. Ondan sonra onun taleyinin necə olmasından xəbərim yoxdur. Hazırda bütün dünyada pandemiyadır. Müğənnilər toysuz qalıblar. Toy yoxdursa, qazanc da yoxdur. Bu məqamları dərindən düşünmək lazımdır. Başqa işlər görməlidirlər ki, ac qalmasınlar.
- Şəxsi biznesiniz var. Ətriyyatçısınız və şəxsi ətir kolleksiyanız var. Bu sahədən yaxşı qazanc əldə edə bilirsiniz?
- Pandemiyadan əvvəl ətir biznesim daha yaxşı gedirdi. Lakin indi bir o qədər yüksək deyil. Alıcı qabilliyyəti zəifləyib. Ətirləri onlayn şəkildə satıram. Xaricdə yaşayan həmvətənlərimiz ətirləri sifariş edib, alırlar.
Ətirlərdən çox xoşum gəlir. Avtomobilimdə hər zaman ətirlər olur. Hətta dostlarım və yaxınlarım kiməsə ətir hədiyyə etmək istəyəndə mütləq mənimlə məsləhətləşirlər. “Dəyirman”nın zamanında Miri Yusif və Emil mənə deyirdilər ki, mütləq ətir brendini yaratmalısan, bu işdən başın çıxır. Fransada ətir kursları keçdim, diplom aldım. Qərara gəldim ki, iki ətir kolleksiyası yaratmalıyam. Onları öz adıma patentləşdirdim. Daha sonra beş ətir kolleksiyası çıxardım. Hazırda isə yeddi ətir kolleksiyam var. Azərbaycanda yeganə ətriyyatçıyam ki, siqar, konyak, likyor və viskinin qarışıq elementlərindən ətirlərimdə istifadə edirəm. Onlar Türkiyə, Dubay və Fransada istehsal olunur. Xam mal Fransadan gəlir, ətir şüşələrə Türkiyədə əlavə olunur və Dubayda qablaşdırılır.
Məşhurlar ətirlərimi almaqdansa, daha çox hədiyyə istəyirlər. Deyirəm ki, heç olmasa alıb, mənə xeyir verin, qabağa gedim. Zamiq Hüseynov, Sevda Ələkbərzadə, Miri Yusif, Cabir İmanov kimi məşhurlar alıcılar sırasındadır.
- Gəliriniz ən çox müğənnilikdəndir, yoxsa ətir biznesindən?
- Daha çox reklamdan və ətir biznesimdən pul qazanıram. Müğənnilikdən heç vaxt normal pul qazanmamışam. Səhnədən gəlirim olmayıb. Gündəmdə qalmaq üçün mahnılar yazdırıb, kliplər çəkdirmişəm. Toylarım da yoxdur.
- Daha hansı sahələrə baş vurmaq istəyirsiniz?
- Hər şey insanın özündən asılıdır. Əgər çalışıb-vuruşsan, mütləq istədiyinə nail olacaqsan. Bir iş alınmadısa, başqa bir işə qol qoymaq lazımdır. Əllərin aşağa düşməməlidir. Davam etməlisən.
Hazırda mən və “Dəyirman”ın digər üzvləri ilə barəbər Azərbaycanda fəaliyyət göstərən dövlət orqanı üçün çoxfunksiyalı mobil tətbiq üzərində iş aparırıq. Bu tətbiq hazır olandan sonra mediaya geniş açıqlama verəcəyəm. Bununla barəbər, bir neçə başqa tətbiqlər üzərində çalışıram.
- Karantin dövründə bir çox məşhurlar dəbdəbəli villa və lüks avtomobillərini nümayiş etdirdilər. Bəs sizin nələriniz var ?
- Evim, bağım və avtomobilim var. Hərəsindən bir ədəddir. Əvvəllər üç avtomobilim var idi. Zaman keçdikcə əmin oldum ki, bu qədər avtomobilin xeyrindən çox ziyanı var. Həyat yoldaşım da avtomobil sürmür. Qərara gəldim ki, onları satım. İnsanın rahat və komfortlu yaşamağı üçün hər şeyim var.
- Fikrinizcə, gündəmdə qalmaq üçün müğənni nə etməlidir?
- Standart çıxmasın... Əgər sən müğənnisənsə, ya səsin, ya da səhnədə göstərəcəyin performansın o qədər keyfiyyətli olmalıdır ki, camaat səni dinləsin və izləsin. Miri Yusifin səsi yoxdur, amma səhnədəki şousu mükəmməldir. Duzu və şirinliyi var. Eyni məsələ Ədalət Şükürova da aiddir. O, vokal tərəfdən güclü ifaçı deyil. Lakin Ədalətin səs temberi, avazı və səhnə duruşu tamaşaçıların xoşuna gəlir. Elə müğənnilər var ki, onların möhtəşəm səsləri və yüksək vokal qabiliyyətləri var. Mahnı oxuyanda yüksək notları götürsə də, amma duzu olmadığına görə, kənarda qalıb. Mənim kimi... Mənim vokal qabiliyyətim yaxşıdır, pis deyil, yüksək notları götürə bilirəm. Amma şirinliyim, duzum yoxdur. Ona görə heç kim məndən danışmır. Miri Yusifdəki duz məndə yoxdur. Nəsə çatışmır, amma bilmirəm nə... İndiyə kimi də nəyin çatışmadığını tapa bilməmişəm.
- Sosial media əhli və bir çox müğənnilər Miri Yusifin “Xalq artisti” fəxri adını almasını həzm edə bilmədilər. Həmkarınızın “Xalq artisti” adına layiq görülməsinə necə reaksiya verdiniz?
- “Xalq artisti”nin mənası xalqın artisti deməkdir. Əgər xalq bu müğənninin oxuduğu mahnıları dinləyirsə, onun ard-arda böyük arenalarda verdiyi konsertləri izləyirlərsə, demək bu ada layiqdir. Miri Yusifin günlərlə verdiyi konsertlər anşlaqla keçir. İfa etdiyi bəstələr də hitdir. O ad Miri Yusifə halaldır.
Ürəyimdə bir xal var. Bu barədə heç yerdə danışmamışam, amma indi danışmaq istəyirəm. Bilirsiniz ki, “Dəyirman” qrupu qədər vətənpərvər mahnılar oxuyan olmayıb. Keçmiş qrupumuzun vətənpərvərlik təbliğatı çox güclü olub. Gənc nəsil bu mahnılarımızla böyüyüb. 7-dən 77-yə hamının dilində əzbər olan “Ya Qarabağ, ya ölüm” mahnımız... Bu bəstə üzərində qurulub qeyrətimiz. Bu mahnımıza görə bütün Türkiyə bizi dəstəkləyirdi. O zamanlar kim çıxıb belə sözlər deyə bilirdi? Amma biz heç nədən qorxmayıb, çəkinməyib, bu mahnını oxuyurduq. Amma Mədəniyyət Nazirliyi nə mənə, nə də Elmirə “Əməkdar artist” fəxri adını verməyib. İndi hansısa toy müğənnisinin fəxri adları daha çoxdur. Tarixdə qalan “Dəyirman” isə kənarda qalıb. Heç zaman deməmişik ki, bizə “Əməkdar artist” adını niyə vermirisiniz? Etməmişik, etməyəcəyik.
- Nə üçün Miri Yusiflə duet və ya hansısa bir layihə etmirsiniz?
- İnanın səmimiyyətimə, Miri Yusifə zəng vursam ki, duet yazdıraq, deyəcək ki, axşam səsyazma studiyasında görüşək. O qədər müğənni var, ona yüksək məbləğdə pullar təklif edir ki, təki duet oxusun. Amma əlimdə belə bir fürsət olmağıma baxmayaraq, içimdən gəlmir. Daxilimdə ölmüşəm, yoxam. Dərin və böyük depressiyadayam.
- Məkkə ziyarətinə getdiniz. Ən böyük niyyətiniz nə idi?
- Məkkəyə gedib, ailəm və işim üçün çoxlu dualar etdim. İstəyim budur ki, İslam Azərbaycanda normal qaydada olsun. Daha çox məscidlər tikilsin, şiə ilə sünni arasında qarşıdurma olmasın. Mən 2000-ci ildən namaz qılıram.
- Cəmiyyətdə həcilərə münasibət birmənalı deyil. Onların adları daha çox xanım müğənnilərlə bir yerdə çəkilir....
- Məkkəyə gedəndə həci olursan. Qayıdıb gələndə isə bu missiya artıq bitir. Şəxsən mənim üçün həci statusu yoxdur. Təəssüflər olsun ki, kimlərsə həci statusundan şəxsi maraqları üçün sui-istifadə edir. Bu yol verilməzdir. Bu, dindir. Dinlə belə zarafatlar etmək olmaz. Din insanın daxili, ürəyi, canıdır. İnsanla Allahın arasında olan münasibətdir. Bunu necə öz işin və biznesin üçün işlədə bilərsən? Bu, çox böyük günahdır! Bu kimi məsələlərə çox pis baxıram. Belə şeylər olmamalıdır.
- Məşhurlar ailələrini ekranlara çıxardırlar. Hətta bununla özlərini reklam edirlər. Amma siz heç vaxt ailənizi, övladlarınızı üzə çıxarmırsınız. Nədənsə çəkinirsiniz, yoxsa sosial mediada söz-söhbətlərdən müzakirələrdən hürkürsünüz?
- Heç kimə deyə bilmərik ki, bunu etmə. Hərə öz həyatını yaşayır. Gündəmdə qalmaq və reklam olunmaq üçün heç vaxt xanımımı efirə çıxarmaram. Bu, həyat prinsipimə ziddir. Şəxsi həyat evdə, qalın divarlar arxasında qalmalıdır. Ailəsini efirə çıxaranlar özləri bilərlər. Hərə özünə cavabdehdir.
- Biraz da övladlarınızdan danışaq...
- İki övladım var. Şanis adlı qızımın 17, Xədicənin isə 7 yaşı var. Şanisin rəssamlığa çox böyük marağı var. Çox gözəl rəsmlər çəkir. Onları “Instagram” hesabımda ara-sıra paylaşıram. Rəsmləri olduqca canlı çəkir. Onda bu istedad və qabiliyyətin haradan olmasını heç özüm də bilmirəm.
Kiçik qızım Xədicə isə aktyorluğa meyillidir. Ona deyirəm ki, ağla ağlayır, gül gülür (gülür). Roldan rola girməyi bacarır. O bir neçə reklam çarxında çəkilib. Heç bir serial və filmdə rol almayıb. Amma çox istərdim, hansısa bir obrazı canlandırsın. Aktyorluq bacarığı və potensialı var. Özünü çəkiliş meydançasında çox sərbəst aparır.
- Övladlarınızın tərbiyəsi ilə daha çox kim məşğul olur?
- Qızlarımın tərbiyəsi ilə özüm məşğul oluram. Onlarla mütəmadi söhbətlər aparıram. Hansısa hərəkətləri xoşuma gəlməyəndə, qınamıram və üstlərinə qışqırmıram. Onlarla söhbət edirəm. Başa salmağa çalışıram ki, gələn dəfə səhv etsələr, mənim üçün yox, özləri üçün pis olacaq. Qızlarıma deyirəm ki, məktəbdə özünüz üçün təhsil alırsınız, mənim üçün yox.
İndi qız böyütmək qat-qat çətin və məsuliyyətlidir. Qız uşağını sən daha çox nəzarət altında saxlaya bilirsən, nəinki oğlanı. 16 yaşdan sonra oğlan uşağını çərçivəyə salıb, sıxıb saxlamaq olmaz. Oğlan uşağı mütləq şəkildə hərbi xidmətə getməlidir. Küçə həyatını görməlidir. Çünki o kişi və gələcəyin atasıdır. Döyülməli və döyməlidir. Yaxşını da, pisi də görməlidir. Bərkiməlidir...
- Həyat yoldaşınızla aranızda mübahisə düşəndə güzəştə daha çox kim gedir?
- Xanımla dalaşanda araya böyük qızım Şanis girir, bizi sakitləşdirməyə çalışır. Deyir ki, özünüzə gəlin, sonra söhbət edərsiniz.
- Əməkdar artist Elnarə Abdillayevanın “Övladıma şou-biznesdən qız almaram” fikri hələ də sənətçilər arasında müzakirə olunur. Qızlarınızın şou-əhlindən olan bəylə ailə qurmasına razılıq verərsiniz?
- Şou-biznesdə elə qadın müğənniləri tanıyıram ki, pak, dürüst və əxlaqlıdırlar. Qızım mənə desə ki, bu oğlanı sevirəm və onunla ailə həyatı qurmaq istəyirəm, onun seçiminə dərhal rədd cavabı verməyəcəyəm. Onunla oturub söhbət edərəm, ata kimi məsləhət verərəm. Qızımın seçiminə qarışmaram. Onun seçdiyi bəy haqda nələrisə öyrənməyə çalışaram. Qız uşağı gül kimidir. Onu əkirsən, sulayıb böyüdürsən. Gülləri açılanda isə götürüb tullayırsan... Bu düzgün deyil. Soruşacağam, qızımın seçdiyi kimdir, haradandır, nə işə qulluq edir... Ürək sevsə də, gələcəkdə fəsadlar ortaya çıxa bilər.
- Niyə Azərbaycanda məşhurlara qarşı bu qədər aqressiya var?
- Yaxşı və pis insanlar hər zaman olacaq. Arxanca mütləq danışılacaq. Gündəmdə olan insan isə hər zaman təzyiq altında qalır. Bu normal haldır. Müğənnilərimizin əsas problemi ondadır ki, barələrində deyilən və yazılan hər bir tənqidə fikir verib, reaksiya göstərirlər. Əgər sən ağ vərəqsənsə, hər qara nöqtən görünəcək. Kimin üçün sən yaxşı olacaqsan, kimin üçünsə pis...
- Şou-biznesdə hansı məqamlar sizi özünüzdən çıxardır?
- Şou-biznesdə məni qıcıqlandıran yalnız zövqsüz və bayağı ifaçılar, onların oxuduğu mahnılardır. “Instagram”da isə məni özümdən çıxarıb, əsəbləşdirən idmançıların və müğənnilərin dırnaqarası bloqerlik sevdası. O gün bir idmançının səhifəsinə rast gəldim. Maraq üçün hesabına göz gəzdirdim. Paylaşımlarına kifayət qədər çox bəyənmə və rəy yazılır. 60 mindən çox izləyicisi var. Həmin idmançının həyat tərzinə baxanda şoka düşdüm. Çünki biabırçılıq idi. İzləyicilərinin kimliyini görəndə azərbaycanlı olduğuma görə peşmanlıq keçirdim.
- Bir sıra məşhurumuz gözəl həyat və macəralar arxasınca Avropa, Amerikaya köçür. Həmkarınız Elmir kimi birdəfəlik ABŞ-a köçmək kimi niyyətiniz yoxdur?
- Azərbaycanı tərk edib, xaricə köçmək kimi fikirlər ağlımdan keçməyib. Hər bir ölkənin mənfi və müsbət cəhətləri var. Əgər sən istedadlı insansansa, hara getsən, özünə iş tapa biləcəksən. Bizim Elmir Məhərrəmov (“Dəyirman” qrupunun keçmiş üzvü - red.) Azərbaycandan ABŞ-a küsüb getdi. O, imkansız və kasıb müğənni idi. Ümumiyyətlə, qrupumuz imkansız idi. Hər şeyi özümüzün gücü ilə etmişik. Elmir özünü müğənni kimi heç kimə sübuta yetirə bilmədi. Lakin o çox istedadlı və bacarıqlı insandır. Elmir maliyyə çətinlikləri çəkirdi. Yardım üçün dövlətə dəfələrlə müraciət etdi. Amma bu müraciətlərin faydası olmadı. Bunları görən Elmir küsüb, ABŞ-a köçdü. Lakin bu o demək deyil ki, o, özünü azərbaycanlı saymır. O, getdiyi hər yerdə azərbaycanlı olduğunu deyir. Ona ABŞ daha çox imkanlar qazandırdı, nəinki Azərbaycan... Özünə orada iş də tapıb. Elmir Bakıda olanda reklam şirkətinin kreativ rəhbəri idi. Amma o, yüksək yerlərdə olub, daha çox şey qazanmaq istəyirdi. Əfsuslar olsun ki, alınmadı.
Rəşad Əliyev
Rəylər