“Addım yaradıcı gənclər assosiasiyası”nın dəstəyi ilə Azərbaycan Bolqarıstanın Varna şəhərində gerçəkləşəcək 23-cü Discovery İnternational Pop Music festivalında təmsil olunub.
Bu barədə Oxu.Az-a “Addım yaradıcı gənclər assosiasiyası”nın sədri Hüseyn Cavadzadə məlumat verib.
10 gün müddətində davam edən festivalda azərbaycanlı təmsilçi iki mükafatla vətənə qayıdıb. Ölkəmizi Discovery İnternational Pop Music festivalda təmsil edən gənc müğənni Kəmalə Qaramollayeva “Ən yaxşı qadın səsi” və “Ən yaxşı folklor hit” nominasiyasında qalib olub.
Qeyd edək ki, festival çərçivəsində Kəmalə müsabiqənin 1-ci günü Beyonce-nin repertuarından “Listen”, ikinci günü isə Rəhim Rəhimlinin məxsusi olaraq onun üçün yazdığı “Aman” mahnısını uğurla ifa edib.
Müğənninin canlı ifası avropalı prodüserlərin marağına səbəb olub və ona Avropada müxtəlif birgə layihələr və əməkdaşlıqla bağlı təkliflər də olub. Festivala həyat yoldaşı ilə yollanan Kəmaləyə uğurlu çıxışına görə həyat yoldaşı it bağışlayıb.
Qeyd edək ki, festivalın baş mükafatını və “Addım yaradıcı gənclər assosiasiyası”nın xüsusi mükafatını belarusiyalı Georgi Kaldun (“Eurovision” təmsilçisi Dmitri Kaldunun qardaşı) qazanıb. Azərbaycanı festivalda münsif kürsüsündə prodüser Hüseyn Cavadzadə təmsil edib.