Mayın 29-da Rumıniyanın şimali-şərq regionunda, Moldova ilə sərhəddə yerləşən İaşi şəhərində SOCAR brendi altında fəaliyyət göstərən sayca 2-ci yanacaqdoldurma məntəqəsi istifadəyə verilib.
Oxu.Az xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib.
Məlumata görə, geniş ərazini əhatə edən YDM-də Benzin 95 və Dizel Euro 5 tipli yanacaq məhsullarının satışı həyata keçirilir. Məntəqədə quraşdırılmış 2 sayğac 4 kiçik avtonəqliyyat vasitəsinin eyni anda yanacaqla təmin olunmasına şərait yaradır. YDM-dən istifadə edən müştərilərə “Nar Kafe”də ənənəvi olaraq Azərbaycan məhsulları, 24 saat pulsuz internet xidmətləri təklif olunur. Bununla da Rumıniyada əhaliyə SOCAR brendi altında yüksək keyfiyyətli xidmət göstərən YDM-lərin sayı 28-ə çatıb.
Qeyd edək ki, hazırda SOCAR Rumıniyanın 11 regionunda - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov və Klujda yanacaqdoldurma məntəqələrinə malikdir.
Gülnarə Zeynalova
www.oxu.az