“Məşhur ailə” rubrikası tanınmış rejissor Kənan M.M. və sevilən müğənni Aygün Şükürova cütlüyünün evində qonaq oldu.
Kənan M.M.-in başı serial çəkilişlərinə qarışdığından biz müsahibəni tək Aygün xanımla etməli olduq.
Oxu.Az məşhur cütlüyün gizli tərəflərini sizə təqdim edir:
- Kənanın yaxşı dost olduğunu bilirəm, bəs həyat yoldaşı kimi necədir?
- 5 ildir ki, biz ailəliyik. Kənan əsl ailə başçısıdır. Övladlarının qayğısına qalır, harada olmağından asılı olmayaraq daim ailəsini düşünür. Düzdür, hər birimizin mənfi tərəflərimiz də var. Amma onda müsbət cəhətlər daha çoxdur. Mən fikirləşirəm ki, yaxşı ailə başçısı, məhz onun kimi olmalıdır.
- Həm ana, həm də səhnədə olmaq çətindir. Yavaş-yavaş övladlarınız böyüyür, yəqin ki, bu ildə yenilikləriniz olacaq?
- 2013-cü il mənim üçün uğurlu oldu, klipim çəkildi. İnşallah 2014-cü il də düşərli olar. Yeni mahnılar yazdırmağı planlaşdırıram. Ən azı on mahnı yazdırmağı qarşıma məqsəd qoymuşam. Artıq yaddaşlarda “İstanbul” ilə deyil, yeni mahnı ilə qalmaq istəyirəm. Aynur Adilqızı mənim səsim üçün “İstanbul” kimi yeni mahnı yazıb. Eyni zamanda, Ruslan Səfəroğlu, Nailə Mirməmmədli, Arzu Səmədqızı və başqaları ilə çalışıram. Bir sözlə, bu il yeniliklərim çox olacaq.
- Yerli müğənnilərin Türkiyə şou-biznesinə axını çoxdur. Siz isə 2008-ci ildə “Popstar Alaturka” müsabiqəsinin iştirakçısı olmusunuz. Artıq sizin də yenidən Türkiyə şou-biznesinə qatılmaq zamanınız deyilmi?
- İndi müğənnilər milyonlarla xərc çəkirlər ki, Türkiyə şou-biznesində tanınsınlar. Amma mən heç bir vəsait sərf etmədən orada sevildim. Mənə çox təkliflər gəlirdi, seriallara, filmlərə dəvət alırdım. Amma elə oldu ki, Kənan çıxdı qismətimə. Ailə qurdum, bütün təklifləri rədd etdim. Mənim indi əcnəbi şou-biznesdə uğur əldə etməyim onun əlindədir. O isə hər şeyi zamanın axarına buraxır.
- Kənan və Aygün. Kim daha çox sevilir?
- 2008-ci ildə mən daha çox sevilirdim. Həmin müsabiqə vasitəsilə məni dünya türkləri tanıdı. Məni orada “Adana pamuğu” - deyə çağırırdılar. İndi isə Kənan daha çox sevilir.
- Kənanla üst-üstə düşməyən xasiyyətiniz hansıdır?
- Onunla hansı xasiyyətimiz üs-üstə düşür ki? (gülür). O, buğa bürcündəndir, mən isə tərəzi. Buğa bürcü tərs olur, adi bir şeyə görə əsəbiləşir, tez özündən çıxır. Mən isə tərəzi olduğuma görə onu nizamlayıram, sakitləşdirməyə çalışıram. Həmişə mən ona güzəştə gedirəm. Demək olar ki, mən öz bürcümün quluyam. Amma buğa bürcünün insanları ürəyiaçıq, ailəcanlı olurlar.
- O, sizə çəkdiyi serialların yaxud kilplərin birində aktrisa olmaq təklifi edib?
- “Ləkə” serialında çəkilirəm. Mən orada “Yağmur” adlı psixoloq-həkim obrazını canlandırıram. Yanvar ayının 10-dan artıq yeni bölümlər efirdə yayımlanır. Növbəti bölümlərdə məni görə biləcəksiniz.
- Bəs siz ondan nə vaxtsa bu təklifi gözləmisiniz?
- Həmişə gözləmişəm. Oxumağıma, müğənnilik fəaliyyətimə narazılıq etmir. Amma o, məni rejissoru olduğu klip, film, seriallara çəkməyi sevmir. Mən neçə vaxtdır ki, ondan bunu istəmişəm. Axır ki, “Ləkə”də mənə rol verdi.
- Mübahisələriniz ən çox nə üstündə olur?
- Filan reklama, filmə, klipə yaxud seriala məni də çək deyirəm, o isə buna qarşı çıxır. Həmişə belə məsələlərdə söz-söhbətimiz düşür.
- Kim daha çox güzəştə gedir?
- Mən çox güzəştə gedirəm.
- Bir-birinizə söylədiyiniz ən sevimli ifadə hansıdır?
- O, mənə “gülüm”, “quzum”- deyə müraciət edir. Mən isə ona “aşkım” deyirəm (gülümsəyir).
- Və sonda ənənəvi sualımız var. Məşhur ailə olmaq necə hissdir?
- Çox gözəl hissdir. Bu hiss arzulayanların başlarına gəlsin deyirəm. Amma çox çətindir. Hər şey tamaşaçıya ekran önündən çox asan görünür. Amma istədiyin yerə gəlib çatmaqdan ötrü insan min bir əziyyət çəkir.
Aytən Sadıqzadə
www.oxu.az