Böyük Britaniyanın məşhur "Queen" rok qrupunun ilk bas-gitaraçılarından biri hesab edilən Barri Mitçell vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Musiqiçinin ölüm xəbərini qrupun rəsmi arxivçisi Qreq Bruks açıqlayıb.
Sənətçinin hansı səbəbdən dünyasını dəyişdiyi hələlik bəlli deyil.
Mitçell 1970-ci ilin avqust ayında qrupun birinci basisti Mayk Qrouzu əvəz edərək "Queen"ə qatılmışdı. Həmin vaxt kollektivin tərkibində artıq Freddi Merkuri, Brayan Mey və Rocer Teylor yer alırdı.
Barri Mitçell "Queen"in tərkibində təxminən altı ay - 1971-ci ilin yanvarına qədər fəaliyyət göstərib. Qrupun rəsmi konsert arxivinə əsasən, bu müddət ərzində musiqiçilər onunla birlikdə 11 dəfə səhnəyə çıxıblar. Daimi bas-gitaraçı Con Dikon isə kollektivə bir neçə ay sonra - elə 1971-ci ildə qoşulub.
Mitçellin vəfatı ilə bağlı xəbəri bölüşən Qreq Bruks onun "Queen" pərəstişkarlarının görüşlərindəki çıxışlarını xatırlayıb. Arxivçinin sözlərinə görə, sabiq basistin xatirələri qrupun yaranma tarixinin ən erkən dövrü barədə məlumat əldə etmək üçün nadir bir fürsət idi.
"Queen"dən ayrıldıqdan sonra Mitçell bir müddət musiqi sənayesindən uzaqlaşsa da, 1990-cı illərdə "Jayne Raydio" qrupunun tərkibində yenidən səhnəyə qayıdıb.