Oxu.Az məşhur tamada Vaqif Yaquboğlunun Kulis.Az-a müsahibəsini ixtisarla təqdim edir:
- Deyirlər, bahalı tamadasınız.
- Mən elə düşünmürəm. Məndən öyrənən uşaqlar ağzına gələn qiyməti deyir. Mən 300 deyəndə, onlar 1500 deyir. Dəvət gələndə əvvəlcə restoranla maraqlanıram və adamın sosial vəziyyətini müəyyən edirəm. Qiyməti də buna görə deyirəm.
- 50 ilə yaxındır toylardasınız, heç dava görməmisiniz?
- Görmüşəm, əlbəttə. Hətta atışmalar da görmüşəm. Tüfənglər, tapançalar atılıb, bəyin atasını balta ilə vurublar. Bizi mağarın arxasından qaçırıblar. Gözümün qabağında, toy başlamamış bəyi tapança ilə vurub öldürüblər.
- Doğrudan? Harda?
- Maştağada. Biz gəldik, yeməyimizi yedik. Mağar hazırlanır, camaatın gəlməyini gözləyirik. Mağarın qabağında da bəy öz dostları ilə siqaret çəkir. Qəfil bir maşın gəldi, dayandı. Bir nəfər düşüb bəyin alnına üç güllə sıxdı və maşına əyləşib getdi. Aləm dəydi bir-birinə. Sən demə bəyin qardaşı, qatilin qardaşını öldürüb, həbsdədir. Qarşı tərəf məqam gözləyirmiş.