Bir neçə gün öncə Türkiyədən qayıdan müğənni Nadir Qafarzadədən xəbər var.
Oxu.Az-ın məlumatına görə, N.Qafarzadə söz və musiqisi Fərid Kərimiyə məxsus “Göndər” adlı bəstəsini dinləyicilərinə təqdim edib.
Mahnı barədə fikirlərini Oxu.Az-la bölüşən müğənni bildirib ki, ifasında olan bu mahnıya ekran həyatı verməyi düşünür:
“Xeyli müddət idi ki, ritmik versiyada olan bu mahnı üzərində işləyirdik. Nəhayət ki, bu günlərdə hazır oldu. Bu mahnının seviləcəyinə inanıram. Mahnını eşidənlər bəstə barədə xoş sözlər deyirlər. Sözləri də maraqlıdır. “Göndər, mesajını oxuyum”.
Gündəlik həyatımızda bu cür sözlərə çox rast gəlirik. Bu mahnıya klip çəkdirməyi də düşünürəm. Fərqli bir iş ərsəyə gələcəyinə inanıram”.
Bundan əlavə müğənni Azərbaycanda ilk dəfə həyata keçirəcəyi konsertinin hazırlıqlarını davam etdirdiyini də deyib:
“Hazırda konsert üçün nəzərdə tutulan mahnılar üzərində seçim edirəm. Mahnılar arasında seçim çox olduğuna görə, bəzi mahnılar var ki, onları ifa edə bilməyəcəm. Həm də həmin günü məhz həyat yoldaşıma həsr etdiyimə görə, ona uyğun bəstələri oxuyacam. Düşünürəm ki, bu konsertim bir mesaj və örnək olacaq. Xanımlarına dəyər verməyən bəzi bəylər konsertimdən özlərinə dərs götürəcəklər”.
Qeyd edək ki, N.Qafarzadənin konserti iyulun 6-da “Yaşıl Teatr”da olacaq.