Azərbaycanın xalq artisti Nisə Qasımova və “Addım Gənclər Təşkilatı” Birliyi yeni layihəsini ictimaiyyətə təqdim ediblər.
Oxu.Az xəbər verir ki, Bakupost.az-ın məlumatına görə, bu dəfə təşkilat nümayəndələri, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə yaradılan “Modern Art Academy”nin vokal bölümünün gəncləri və xalq artisti Nisə Qasımova birgə layihə ərsəyə gətirib.
Musiqili video şəklində təqdim olunan layihə isə Azərbaycanın əfsanəvi qəhrəmanı İbad Hüseynova həsr olunub. Sözügedən musiqinin sözləri Gülşən Behbud, musiqisi isə İmruzə Hüseynovaya aiddir.
Mahnını Nisə xanımla yanaşı bir neçə beynəlxalq musiqi müsabiqələrin laureatı olan gənc ifaçılar İbrahim Nəsrullayev, Ena Kameliya Tabeş Moqaddam, Aygün Mahmudova, Tofiq İsmayılov ifa ediblər.
Layihə haqqında fikir bildirən “Addım”-ın təsisçisi Hüseyn Cavadzadə, həm mövzuya diqqətinə, həm də gənclərə dəstəyinə görə Nisə xanıma təşəkkürünü bildirib və onu gənclərə əsl örnək adlandırıb.