Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Xalq artisti Nisə Qasımovanın doğum günüdür - VİDEO
Xalq artisti Nisə Qasımovanın doğum günüdür.
Oxu.Az xatırladır ki, Nisə Fətulla qızı Qasımova 1954-cü ildə Bakı şəhərində anadan olub.
Geniş səs diapazonu, musiqiyə marağı balaca Nisənin taleyini çox erkən yaşlarından ömürlük səhnəyə bağlayır. Atası Fətulla kişinin tam fərqli sahədə, yəni dövlət xidmətində çalışmasına baxmayaraq, milli musiqi və muğamların bilicisi və savadlı xanəndə olması Nisə xanımın elə ilk olaraq ailədən musiqi ilə tərbiyələnməsinə şərait yaradır.
Səkkiz yaşında Əfsər Cavanşirovun rəhbərlik etdiyi “Bənövşə” uşaq xorunun heyətinə qəbul olan Nisə Qasımova çox keçmir ki, bütün peşəkar musiqi heyətinin diqqətini özünə cəlb edib, doqquz yaşında xorun gənc solisti olur.
Nisə Qasımova 1971-ci ildə Müslüm Maqomayev adına Dövlət Filarmoniyası nəzdindəki “Lalə qızlar ansamblı”na solist kimi dəvət olunur.
Konsertlərin birində Nisə xanımın çıxışına valeh olan tanınmış bəstəkar və impressario Ələkbər Tağıyev elə həmin ərəfələrdə gənc sənətçiyə iş birliyi təklif edir. Bundan əvvəl SSRİ Xalq artisti Zeynəb Xanlarovanı Azərbaycan səhnəsinə təqdim etmiş Ələkbər Tağıyev 1972-ci ildən Nisə Qasımova ilə yaradıcılıq birliyinə başlayır. Bəlkə də, bu olay gələcəkdə hər iki müğənni arasında yaranan və uzun müddət davam edəcək soyuq müharibəyə səbəb olur.
1972-73-cü illərdə bir-birinin ardınca “Ay ellər”, “Sənsən həyatım”, “Eşqimi sönməyə qoymaram”, “Gözləyəcəyəm”, “Qəşəngdir” kimi mahnıları xalq tərəfindən sevilir və gənc müğənni tez bir zamanda möhtəşəm uğurlar əldə edir. Elə həmin ildə Azərbaycanda çıxan plastinkalarla yanaşı, Tbilisidə Nisə xanımın ilk kasetləri də işıq üzü görür. Müğənninin xarici görkəminin və səhnə hərəkətlərinin avropasayağı olması onun haqqında ağlasığmaz şayiələrin yayılmasına səbəb olur. Kimi onu “alman gəlinciyi” adlandırır, kimi isə anasının alman və ya ukraynalı olması barədə fikirlər irəli sürürdü. Bütün bunlara cavab olaraq Nisə Qasımova dillər əzbərinə çevrilən “Azərbaycan qızıyam” mahnısını ifa edir.
1975-ci ildə, 21 yaşında olarkən Nisə xanım artıq Azərbaycan Dövlət Televiziyasının solisti kimi çalışmağa başlayır. Elə həmin illərdə SSRİ Dövlət Elektromusiqi Orkestrinin rəhbəri Vyaçeslav Mişşerinin dəvəti ilə Moskvaya gedən müğənni bu ansamblla birgə “Gül bir az”, “Gözləyəcəyəm”, “Leyla” və s. mahnılarından ibarət albom lentə aldırır. Nisə xanımın Moskvadakı çıxışları zamanı məşhur rus bəstəkarı və şairi Nikolay Zinovyev gənc müğənninin ifaçılıq və səhnə istedadına valeh olur.
1977-ci ildə ali təhsilini davam etdirmək üçün valideynlərinin təkidi ilə Bakıya dönən müğənni İncəsənət İnstitutuna daxil olub Moskvadakı fəaliyyətindən aralanmalı olur.
1980-ci ildə SSRİ-nin “S pesnyami po jizni” beynəlxalq müsabiqəsində iştirak edən müğənni birinciliyi Azərbaycana qazandırır. Bakıya dönüşündə bu möhtəşəm uğura görə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını alır. Bu sevindirici olayın ardından Nisə xanıma “Özbəkfilm”də çəkilən “Alovlu yollarla” bədii filminə çəkilmək üçün təklif gəlir. Çəkilişlərdən sonra Özbəkistandan Bakıya dönən müğənninin həyatında xoşagəlməz hallar baş verir. Əvvəlcə Ələkbər Tağıyevin, daha sonra isə qardaşının vaxtsız ölümü Nisə xanımı möhkəm sarsıdır və o, bir neçə il müddətinə səhnə fəaliyyətini dayandırır.
Nəhayət üç illik fasilədən sonra səhnəyə qayıdan müğənni Azərbaycanın ən müxtəlif yerlərində, eləcə də sərhədlərimizdən kənarda - Danimarka, İslandiya, Türkiyə, Əfqanıstan, Ukrayna, Almaniya və digər ölkələrdə böyük uğurla konsertlər verir.
1989-cu ildə müğənni “Əməkdar artist” adını alır.
Nisə Qasımova 1997-ci ildə Bakıda konsert verdikdən sonra Moskvaya köçür. Üç ildən sonra ailə üzvlərindən birinin toy məclisində iştirak etmək üçün Bakıya dönür və burada yaşayır.
Bir neçə dəfə solo konsertlər verib, “Nisə Qasımova fondu”nu yaradıb, fərqli illərdə musiqi albomları buraxıb.
2008-ci ildə “Azərbaycan Respublikasının Xalq artisti” adına layiq görülüb.
Rəylər