Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Öz uğurunu təkrarlaya bilməyən müğənnilərimiz
Geridə qoyduğumuz son iki ildə milli estradamızda canlanma oldu. Hitlər ard-arda gəldi. Ancaq fikir versək, bir mahnısı hit olan ifaçı təkrarən eyni tərzdə başqa bir işini təqdim etdi və həmin layihə uğurlu alınmadı.
Bu yerdə ilk olaraq ağıla Əməkdar artist Röya Ayxan və Miri Yusifin “Səndən bir dənədir” hiti gəlir. Mahnı o qədər sevildi ki, hətta sərhədləri aşdı. Belə ki, türkiyəli sənətçilər Sinan Akçıl və İrem Derici Miri Yusifi də yanlarına alıb mahnını yenidən səsləndirdilər. Sözlərin və aranjimanın dəyişilməsi onlara uğur gətirmədi.
İlyarımlıq fasilədən sonra Miri Röya ilə yeni duetini təqdim etdi. Ötən aylarda işıq üzü görən “Yaxşı ki varsan”ın “Səndən bir dənədir”ə oxşarlığı diqqətlərdən qaçmadı. Bir dəfə musiqini “yeyən” və mənimsəyən kütlə ikinci dəfə mahnını qəbul etmədi və onlar “Səndən bir dənədir”in uğurunu təkrarlaya bilmədilər.
Müğənni Zamiq də illər sonra “Kaman”la əməlli-başlı “tutuzdur”du. Hətta bu mahnı Zamiqin milyonlarla izlənilən ilk mahnısıdır. “Kaman”ın uğurundan yola çıxaraq ikinci dəfə eyni tərzdə “Cənnətimsən”i təqdim edən ifaçı uğursuzluqdan yaxa qurtara bilmədi. Baxmayaraq ki, Leylinin “Ay balam” xitabı və mahnının sözləri çox yaxşı seçilib...
Sosial mediada geniş səs-küy doğuran Elvin Mirzəzadənin “Düşün məni” mahnısının “Youtube”da milyonları keçməsi ifaçını həvəsləndirdi. Müğənni bir neçə ay sonra “Gəl” klipini tamaşaçıların ixtiyarına verdi. Lakin bu mahnı da o birinin “burnundan düşmüş” kimi olduğuna görə insanlar tərəfindən əvvəlki kimi qəbul edilmədi. “Youtube” sıfırları artsa da, ortada yeni heç bir şey olmadı.
Savadlı musiqiçilərə verilən dəyərin az olması, insanların zövqünün bayağı musiqilərə doğru yönəlməsi ifaçıları təkrarçılığa vadar edə bilər. Ancaq yenilik hər zaman gözəldir. İkinci dəfə isə eyni tərzdə mahnı təqdim etmək tamaşaçını yormaq deməkdir.
Bu yerdə Türkiyənin Orta Doğu Texniki Universitetində 1995-ci ildə yaşanmış bir hadisə yadıma düşür. Deməli, universitetdə dərs deyən Muhsin Soysal adlı müəllim “Strategiya idarəçiliyi” dərsinin imtahanında “Risk nədir?” deyə sual verir. Həmin imtahanda tələbələrdən biri – Mehmet Ali Berkman imtahanın ilk 10 saniyəsində vərəqini təhvil verir. Kağızın üst hissəsində yalnız ad və soyad yazılır. Vərəq isə bütövlükdə bomboş olur. Ən altda isə “Bax, risk budur” deyə yazı yer alır. Nəticədə həmin tələbə ən yüksək qiyməti alır.
Müəllimin bir sonrakı imtahanında “Risk nədir?” sualına eyni cavabı verən başqa tələbə isə sıfır qiyməti alır. Qaça-qaça gedib müəllimdən səbəbini soruşur. Cavab isə düşündürücü olur: “Eyni şərtlərlə, eyni riski iki dəfə etmək axmaqlıqdır!”
Pərviz Hüseyn
www.oxu.az
"İrem Derici" teqi üzrə xəbərlər
- İrem Dericiden azərbaycanlı müğənniyə etiraf: “Səni Azərbaycan qızlarına yem etmərəm” - VİDEO
- Türkiyədə sənətçilər zəlzələlərdən sonra yenidən səhnəyə qayıdırlar - FOTO
- Məşhur müğənni İrem Dericinin “Survivor” iştirakçısı ilə eşq yaşadığı məlum oldu: “Çox aşiqəm” - FOTO
- İrem Dericinin bir aylıq gəliri təəccüb doğurdu - FOTO
- İrem Derici xəstəxanaya yerləşdirildi - FOTO
Rəylər