Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“Pərdə”nin rejissoru: Sillə səhnəsindəki dublların sayı-hesabı yoxdur – MÜSAHİBƏ
Bu yaxınlarda “YouTube” kanalında təqdim olunan “Pərdə” adlı filmin treyleri diqqətimi çəkdi. Film məndə səsləndirilməsi, musiqi və aktyor seçimi ilə sanki axsamaqda olan kino sənətimizin dirçəlişi üçün bir qığılcım olacağı kimi təəssürat oyatdı.
Sözügedən ekran əsərinin sseanri müəllifi, rejissoru, həm də prodüseri Emil Quliyev haqqında əvvəlcə məlumat toplamağa çalışdım. Səylərim boşa çıxmadı. Öyrəndim ki, gənc rejissorun bir neçə filmi nüfuzlu kino müsabiqələrində mükaftalara layiq görülüb.
Məsələn, başlayaq “Ümid” filmindən. Tulada “Shorti” qısametrajlı filmlərin V qran-pri müstəqil kinofestivalında, Mazandaranda VIII beynəlxalq “Varesh International Film Festival”ında “Ən yaxşı rejissor” mükafatına layiq görülüb.
Həmçinin Barnaulda “Kinolikbez” müəllif kino festivalının rəsmi proqramında yer alıb, Seulda “Asian International Short Film Festival” kinofestivalında seçmə turu keçib, habelə Tehranda 38-ci kinofestivalın əsas müsabiqə proqramında iştirak edib. Nyu-York film festivalında ən yaxşı film və rejissor işinə görə mükafat qazanıb.
Gənc rejissorun lentə aldığı “Paradoks” filmi Nyu-Yorkda qısametrajlı filmlər festivalında ən yaxşı film diplomuna layiq görülüb. “Tula İnternational Film Festival”ında mükafat qazanıb. Bakı Film İnstitutu tərəfindən ən yaxşı operator işinə görə və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən “Ailə” film festivalında mükafat alıb.
“Ana üçün ağla” filmi isə Nyu-York film festivalında mükafata layiq görülüb.
“Pərdə” filminə gəldikdə isə - dram janrında çəkilib.
Filmin qısa məzmunu belədir: Ata məsləhəti, el adət-ənənəsi ilə evlənərək sonradan bədbəxt olan Zaur, hal-hazırda seçim qarşısındadır. O, öz bacısı Lalənin sevdiyi oğlan Eminlə xoşbəxt olmasını istəyir. Bunun üçün Zaur, bacısının qaçırılmasına icazə verməlidir. Cəmiyyətin, dostların, qonşuların bu işə münasibəti necə olacaq kimi fikirlər Zauru çıxılmaz vəziyyətdə qoyur. Onun seçimindən bir ailənin taleyi asılıdır. Görəsən o, nəyi seçəcək?!
Filmin sseanri müəllifi və rejissoru Emil Quliyev, prodüserləri Sərdar Məlikməmmədov, Emil Quliyev, quruluşçu operator Rauf Qurbanəliyevdir. Musiqisi Vugarixx OneReal, Demid Qrişko. Artyom Davidova məxsusdur.
Filmdə tanınmış aktyorlar Tural Əhməd, Vüsal Mehrəliyev, Azər Aydəmir, Zaur Şəfiyev, Könül Cəfərzadə, Zemfira Əbdülsəmədova, Nəsibə Eldarova, Ayşad Məmmədov, Beyrək Rüstəmzadə rol alıblar.
Qeyd edim ki, “Pərdə”nin premyerası 21 apreldə baş tutacaq.
Və bu minvalla rejissor Emil Quliyevlə əlaqə saxladım.
Oxu.Az gənc və istedadlı rejissorun müsahibəsini təqdim edir:
- Filmin treylerini izlədim. Aktyor seçimi çox uğurlu alınıb. Səsləndirmə, musiqi seçimi möhtəşəmdir. Bir çox filmlərimizdə olduğu kimi sünilik qətiyyən hiss olunmur...
- Süniliyi aradan qaldırmaq çox çətin məsələ idi, amma tamaşaçı rəyini eşitdikdən sonra öhdəsindən gələ bildiyimi anladım.
- Filmin süjet xətti real həyatdan götürülüb. Həmin problemlərlə üzləşən insanlarla ünisyyətiniz əsasında belə bir layihə ortaya qoymağa qərar verdiniz, yoxsa necə?
- Bəli, həmin insanlarla elə bu gündə ünsiyyətdəyəm. Filmin süjet xəttinin bir çox hissəsi realdır. Bəzi hadisələr uydurulub, amma ümumilikdə elə uydurulumuş hissələr də realdır (gülümsəyir).
- Bir az da kadrarxası məqamlardan danışaq. Filmi ərsəyə gətirmək üçün nə kimi çətinliklərlə üzləşdiniz?
- Filmin ərsəyə gəlməsi üçün bir çox çətinliklərlə üzləşdim. Maliyyə problemindən başlayaraq aktyor probleminə qədər. Aktyorları tapmaq çox çətin idi. Amma, şükürlər olsun ki, hər şey artıq keçmişdədir. Hal-hazırda heç bir problemimiz yoxdur.
- Çəkiliş əsnasında aktyorlarla mübahisələriniz yaranırdımı?
- Yaranırdı da sözdür?! Əlbəttə yaranırdı. Mübahisələrimiz filmə hazırlıq mərhələsindən düz son günə qədər davam edirdi. Dediyiniz o süniliyi aradan qaldırmaq elə bilirsiniz asandır? Bütün bunlar uzun sürən məşqlərin və mübahisələrin nəticəsidir. Bəlkə də aktyorlarımızı mənim qədər incidən ikinici rejissor olmayıb (gülür).
- Əminəm ki, oxucularımız və filmin treylerini izləyənlər arasında maraq doğuran suallardan biri də budur: Sillə səhnələri neçə dubla alınıb?
- Bütün səhnələr çox böyük əziyyətlə alınıb. Dublların sayı-hesabı yoxdur.
- “Pərdə” filimini hansı festivalın qalibi kimi görürsünüz?
- Festivallar haqqında məlumatı hələ ki, gizli saxlamaq fikirindəyəm.
- Qısametrajlı, yoxsa tammetrajlı filmdə fikri çatdırmaq daha asandır?
- Qarşıya qoyulmuş məqsəddən asılıdır. Belə, demək çətindir. Hər ikisində eyni problemlərlə üzləşirsən.
- Dram, sarkazm, komediya. Tamaşaçıya hansını qəbul etdirmək daha çətindir?
- İnanın ki, tamaşaçıdan asılıdır. Hər bir janrın öz tamaşaçısı var. Əsas odur ki, bir rejissor kimi ərsəyə gətirdiyin məhsulun məsuliyyətini dərk edib, nəticədə yaxşı məhsul verəsən. Janrından asılı olmayaraq.
- Bildiyim qədərilə müstəntiq, polis kapitanısınız. Həm də istedadlı rejissor. Seçdiyiniz peşələrin ən çətin tərəfləri hansılardır?
- Hər iki peşəmin bir çətin tərəfi var. O da ki, vaxtdır. Həmkarlarım tətildə dincəlir, xaricə gedir, mən isə il boyu yazdığım ssenariləri ekranlaşdırmaqla məşğul oluram.
Aytən Sadıqzadə
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda iş adamı onu ev pişiyinə oxşadan işçisini vəhşicəsinə döydü - ANBAAN GÖRÜNTÜLƏR
- Bakıda erməni görsəniz, nə edərsiniz? - Sakinlər arasında maraqlı SORĞU
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
Rəylər