Azərbaycanlı xanım bəstəkar Sevinc Tofiqqızı, Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsə mahnı bəstələyib.
Bu barədə Oxu.Az-a məlumat verən xanım bəstəkar, İbrahimə bəstələdiyi “Məkkədə” mahnısı haqqında bunları deyib:
“Mən İbrahim bəyin vurulması xəbərinə çox sarsıldım. Sözün əsil mənasında o, Türkiyənin ən önəmli səslərindən biridir. Biz onun mahnıları ilə böyüdük. Hazırda, Tatlısəsin oxuya bilməməsi məni çox üzür. Mən inanıram ki, İbrahim Tatlısəs tez bir zamanda sağalacaq və mənim ona bəstələdiyim, sözləri dəyərli şairimiz Zəlimxan Yaquba aid olan “Məkkədə” mahnısını gözəl avazı ilə ifa edəcək. Mənim ona musiqi bəstələməyimin önəmli səbəblərindən biri İbrahim Tatlısəsi ruhlandırmaq və ona tez bir zamanda sağalmağını cani-könüldən arzu etməkdir. İbrahim Tatlısəs bilsin ki, bizim dualarımız onunladır”.
Sevinc Tofiqqızı İbrahim Tatlısəsə bəstələdiyi mahnını ifa edən şəxsdən də söhbət açıb:
“Bu mahnını bəstələdim. İbrahim bəyə hazır oxunmuş halda göndərmək istədim. Tanıdığım və İbrahim bəyin səsinə bənzəyən birinə oxutdurdum. O adam da sağ olsun gəldi mahnını oxudu. Sözün əsil mənasında ,İbrahim Tatlısəsə layiq olaraq da ifa edib. Söz yazarı olan dəyərli şairimiz Zəlimxan Yaquba da öz minnətdarlığımı bildirirəm. Onu da deyim ki, İbrahim bəy şəxsən tez bir zamanda ona bəstələdiyim bu mahnını dinləyəcək. Onun fikirlərini də zamanı gəldiyində mediaya açıqlayaram”.
Məlumat üçün bildirək ki, bəstəkar Sevinc Tofiqqızı Atatürkə və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana da kompozisiya bəstələyib.