Azərbaycanlı rəqqasə Fatimə Fətəliyeva Hindistanda keçirilən məşhur “Udbhav international Dance Carnival” rəqs müsabiqəsinin qalibi olub.
Hazırda Hindistanda olan rəqqasə təəssüratlarını Oxu.Az-la bölüşüb:
“Bu, mənim Hindistana 3-cü səfərim idi. Bu festivala təklif alanda ilk öncə tərəddüd etdim. Amma daha sonra qatılmağı qərara aldım. Çünki özümə çox inamlı idim. Müsabiqə çərçivəsində 6 gün konsert oldu. Sonuncu gündə qala konsert keçirildi və sonda müsabiqənin nəticələri açıqlandı. İndi çox yorğunam. Çünki burada olduğum hər gün səhər ekskursiya, axşam isə müsabiqənin çıxışı olurdu. Dincəlməyə vaxtım yox idi. Amma qazandığım nəticə bütün yorğunluqlara qalib gəldi. Qala gecəsində Hindistanın müxtəlif bölgələrindən olan iştirakçılar çıxış etdilər. Onlardan savayı Rusiya, Qazaxıstan və dünyanın müxtəlif yerlərindən olan iştirakçılar öz məharətlərini göstərdilər. Daha sonra növbə mənə çatdı. Mən də milli “Uzun dərə” rəqsi ilə öz məharətimi göstərdim. Sonda nəticələr açıqlandı. Qalib oldum. İki diplom və əsas mükafatı əldə etdim. İkinci yeri Hindistan təmsilçisi, üçüncü yeri isə Rusiya təmsilçisi qazandı. Qalib olduğumuza görə çox sevincliyəm. Çünki bu, tək mənim yox, Azərbaycanımızın uğurudur”.
Aytən Sadıqzadə