Müğənni Roza Zərgərlinin oğlu Corc Qafarov ötən gün keçirilən bələdiyyə seçkilərində Qaraçuxur Bələdiyyəsinə üzv seçilib.
Oxu.Az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının saytında məlumat verilib.
MSK tərəfindən yayılan məlumatda, C.Qafarovun adı 15-ci sırada yer alıb.

Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı müğənni Roza Zərgərli ilə əlaqə saxlayıb. Sənətçi oğlunun bələdiyyə seçkilərinə namizədliyini verməsi ilə bağlı açıqlama verib:
“Mənim həm qızım, həm də oğlum xeyriyyəçiliklə, gənclərin problemləri ilə məşğul olurlar. Oğlum ADMİU “Sabah” qrupunda oxuyub. Fəal gəncdir, amma biz onu çox işıqlandırmamışıq.
Təklif gəldi ki, gənc və fəal olduğu, həm də gündəmdə olduğu üçün Azərbaycan cəmiyyətinə bir çox töhfələr verə, xeyir gətirə bilər. Özü kimi gəncləri bir araya gətirmək iqtidarındadır. Ona görə düşünüb qərara gəldik ki, Corc bu vəzifələrin öhdəsindən layiqincə gələ biləcək.
Corc elə bir uşaqdır ki, bir çox gənclərin, kimsəsiz uşaqların problemini daha dərindən dərk edir. Corc hər bir gəncə nümunədir. Digər tərəfdən, o, məqsədyönlüdür”.
Roza oğlunun bələdiyyə seçkilərinə üzv seçiləcəyinə inanmadığını, nəticələrin onu təəccübləndirdiyini bildirib:

“Səhərə kimi “Xəzər TV”də yayımlanan “İmtahan” serialının çəkilişlərində olub. Səhər saat 7-də gəlib, başını qoyub yatır. Bu yaxınlarda dövlət müəssəsində öz sənəti ilə bağlı çalışmağa başlayacaq.
Bu barədə yaxın günlərdə daha ətraflı şəkildə xəbər tutacaqsınız. 7/24 Corc öz üzərində durmadan çalışır. Özü bələdiyyə seçkilərində qalib gələcəyinə inanmırdı. Çox ümidsiz idi. Axşam evdə bir yığıncaq edəcəyəm. Onunla bu mövzu ətrafında daha ciddi danışacağam.
Mən ona söyləyirdim ki, sən hər bir gəncə nümunə ola, gənclərin dilə gətirə bilmədikləri problemləri önə çıxara bilərsən, yaradıcılıq və sənət baxımından çoxlu uğurlara və nailiyyətlərə imza atmısan, 11 yaşından kino sahəsindəsən, üzərində gecə-gündüz çalışıb, oxuyub, ali təhsil almısan, indi də magistarturaya hazırlaşırsan, əsgərliyini də çəkmisən.
Bunlar hamısı bir gənc üçün çox gözəl və böyük göstəricidir. O deyirdi ki, mən səs toplaya bilməyəcəm, onlar məni tanımırlar. Söylədim ki, sənin çıxışlarından, düzgün istiqamətindən, “portfolio”ndan hər şey bilinir”.
R.Zərgərli oğlunun bələdiyyə seçkiləri ərəfəsində stres və sarsıntı keçirdiyini dilə gətirərək, bəzi teleaparıcıları qınadı:
“Son zamanlar Corc efirlərə də çıxmırdı. Çünki teleaparıcılar çalışırdılar ki, ona kimsəsizlər, uşaq evləri haqqında suallar versinlər. O da seçkilərə hazırlaşırdı. Bu isə ona çox pis təsir edirdi, stres keçirirdi, sarsılmışdı.
Söylədim ki, mən səni heç bir yerdə reklam etməyəcəm. Necə ki, öz övladıma, eləcə də, digər yaxın bildiyim insanlara bədədiyyə seçkilərində dəstək olmadım. Oğlumun adı sırada olsa da, birinci deyil, bu isə məni məyus etdi, amma yenə də o, öz gücünə bunu edə bildi. Deməli sən istəsən və inamın daha güclü olsa, birinci sıralarda ola bilərsən. Düşünürəm ki, üzüm ağ olar”.
Qeyd edək ki, seçki bülletenində Corc Qafarovun tərcümeyi-halı bu cür yazılıb:
“Corc Qafarov 1996-cı ildə anadan olub. Bakı şəhəri Suraxanı rayonunun 2 nömrəli uşaq evində yaşayır. “Xəzər TV”də aktyordur. Namizədliyi özü tərəfindən irəli sürülüb. Bitərəfdir”.



Qeyd edək ki, bununla bağlı ilk məlumatı Axşam.az saytı yayıb.
Rəşad Əliyev