Müğənni Rüfət Axundova efir qadağası tətbiq edilməsi ilə bağlı məlumat yayılıb.
Məlumatı Oxu.Az-a Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Asəf Hacıyev təsdiqləyib.
O bildirib ki, milli televiziyalara bu gün şifahi xəbərdarlıq göndəriləcək.
“Qanunla yazılı xəbərdarlıq etmək mümkün olmadığı üçün MTRŞ şifahi xəbərdarlıq göndərmək qərarına gəlib. Bu gün ərzində televiziya rəhbərlərinə xəbərdarlıq göndəriləcək. Bundan sonra xəbərdarlığa əməl edilib-edilməməsi artıq yayımçıların öz məsuliyyətindən asılıdır”.
A.Hacıyev əlavə edib ki, bu qadağa radiolara da aid edilməlidir.
MTRŞ rəsmisi daha bir məsələyə aydınlıq gətirib. O, həmin qalmaqalda müğənni Rəşad İlyasovun da adının hallanmasının yanlış olduğunu qeyd edib:
“Məlumat yayılıb ki, həmin biədəb mahnını efirdə Rəşad İlyasov da səsləndirib. Lakin biz müəyyən etdik ki, Rəşadlıq bir şey yoxdur. O, mahnını ifa etməyib. Ona görə də qadağa təkcə Rüfət Axundova şamil edilib”.
Qeyd edək ki, Space TV-nin “Hər səhər” verilişində efirə ədəbsiz söz və ifadələr gedib. Buna görə Milli Televiziya və Radio Şurası televiziyanı səkkiz min manat cərimələyib.
Rəylər