Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli Novruz bayramında qapılara “Papağın atılması düzgün deyil. Çünki papaq ayaq altına atılmaz. O, qeyrət rəmzidir”,- deyə açıqlama verib.
Trend-ə danışan A.Əhmədli təklif edir ki, Novruz bayramında papaq yerinə xüsusi torbalar atıla bilər:
“Həmin torbalar isə iş adamları tərəfindən hazırlana və onların üzərində Keçəlin və Kosanın rəmzləşdirilmiş şəkilləri, səməni rəsmi ola bilər”.
Bu mövzuya məşhurlar da biganə qalmayıb. Tanınmış stilist Samir Əliyev (Samiraldo) Oxu.Az-la məsələ ilə bağlı fikirlərini bölüşüb:
“İndi mənəm-mənəm deyən kişilər də papaq geyinmir. Bu, məsələnin birinci tərəfi. İkincisi isə, qeyrət papaqdan deyil, içdən gəlir. Alim düz deyir. Novruz bayramında papaq atmaq ənənəsini yığışdırmaq lazımdır. Onsuzda indi papağa almadan, fındıqdan başqa heç nə qoymurlar.
Mən uşaq olanda çox papaq atmışam. Bilirdik ki, papağın içərisinə evdə bişən şirniyyatları qoyurlar. İndi onsuzda hamı mağazalardan alır”.
- Bəs, alimin yeni təklifi ilə razısan? Səncə, belə etmək daha düzgün olardı?
- Bəli, düz deyir. Papaq atmaqdansa, üzərində milli rəmzlər əks olunan balaca torba qoymaq daha yaxşı olardı.
Aytən Sadıqzadə
www.oxu.az