Ölkəmizdə daha bir zövq yarışmasının “Secular Fashion Contest”-in seçim turlarına artıq start verilib.
Bu haqda Oxu.Az-a layihənin rəhbəri və eyni zamanda “High Life Fashion & Model Academy”-nin baş direktoru Aqil Məmiyev açıqlama verib:
“Bu həftə ilk çəkilişimiz baş tutdu. Həftənin qalibi olmaq üçün 6 iştirakçımız (3 oğlan və 3 qız iştirakçımız) mübarizə apardı. Yarışmanın qalibi ayın qalibi olmaq üçün 4 həftənin qalibləri ilə bir daha yarışacaq. Ayın qalibi seçiləcək qız və oğlan müsabiqəçi finala vəsiqə qazanır.
Bu həftə iştirak edən 6 iştirakçı (Sevda Xudiyeva, Leyla Babayeva, İrlana Qasımova, Salman Abbasov, Sadiq Cəfərli, Laçın Cəbrayılov) arasından online səsvermə və münsiflər heyətinin rəyinə əsasən model Sadiq Cəfərli və İrlana Qasımova növbəti tura vəsiqə qazandılar”.
İştirakçıların geyimləri haqqında ətraflı məlumatı “High Life Fashion & Model Academy”-nin prezidenti, tanınmış modelyer Mübariz Allahverdizadə verdi:
“İrlana xanım ayaqqabı seçimi ilə yanılıb və geyim tərzinə uyğunsuzluq gətirib. Onun üçün İrlana Qasımova 80 bal aldı.
Laçın bəyin kostyumunun rəngi və indi çox dəbdə olan şalvarı kəmərsiz geyinməsi yarışma konseptinə uyğun idi. Buna görə Laçın Cəbrayılov 100 bal qazandı.
Salman bəyin tərzi xoşuma gəldi. Rəng və tərz uyğunluğu ümumilikdə uyğun idi (ayaqqabısını çıxmaq şərti ilə). Salman Abbasov da 100 bal aldı.
Sadiq bəy qara klassik pencək əvəzinə şalvarının qatlanmış tərəfi rəngli pencək geyinsəydi və o pencəyin qollarını yuxarıya çəksəydi qüsursuz görünərdi. Qolundakı saatı uyğunsuz saydım. Sadiq Cəfərliyə 100 bal verildi.
Leyla xanımın paltar seçimi pis olmasa da aksessuar seçimini heç bəyənmədim. Ayaqqabıları da geyindiyi dona uyğun deyil. Leyla Babayeva 60 bal qazandı.
Klassik hündürdaban ayaqqabı ilə gündəlik geyim geyinən Sevda xanım ayaqqabı seçimində sadəcə rəng uyumuna fikir verərək tərz uyğunluğunu yaddan çıxarıb. Buna görə də Sevda Xudiyeva 60 bal aldı”.
Nəzərinizə çatdırırıq ki, hər bir jüriyə cəmi 500 səsdən ibarət limit verilir. Jüri heyəti 6 iştirakçı arasında bu səsi bölüşdürməlidir.
Layihənin münsiflər heyəti Aqil Məmiyev, Mübariz Allahverdizadə, Anastasia Bern, Eldar Qulamov, Oksana Rzayeva, Ləman Əlizadə, Süleyman Tənaxirli və Aytac Ağacanovadır.
1-ci, 2-ci və 3-cü yerlər uğrunda mübarizə gedəcək. Müsabiqədə internet istifadəçilərinin səs verməsi ilə yanaşı jüri heyəti də öz professional rəylərini bildirərək obyektivliyi təmin etmiş olacaq.
Yekun müsabiqə isə çox möhtəşəm böyük konsert və efir vasitəsi ilə möhtəşəm zalların birində canlı yayımla həm TV, həm də internet vasitəsi ilə yekunlaşacaq. 1-ci yerin qalibinə 3000 manat pul və möhtəşəm tanıtım, 2-ci yerin qalibinə Fransaya 7 gecə 8 günlük full tur-paket, 3-cü yerin qalibinə isə 500 manatlıq geyim kartı təqdim olunacaq.
Qeyd edək ki, layihənin təşkilati dəstəyi “TAR Production & Studio”, rejissoru Nevzat Mahmud, prodüseri Salman Abbasovdur.