2016-cı ildə Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində “Miracle” mahnısı ilə təmsil edən və 17-ci yeri qazanan müğənni Səmra Rəhimli ötən gün mətbuat konfransı təşkil edərək “Tərs gedir” adlı yeni klipini təqdim edib.
Oxu.Az xəbər verir ki, ifaçı tədbirə anası, keçmiş model İlahə Baxşıyeva ilə birgə qatılıb. Tədbir zamanı müğənni şən olmayan əhval-ruhiyyəsi ilə jurnalistlərin diqqətini cəlb edib. O, buna səbəb kimi həyəcanlı olduğunu göstərib.
S.Rəhimli mahnının müəlliflərinin Orxan Qarabasma ilə Anar olduğunu, klipi isə Fərhad Əlinin lentə aldığını söyləyib.
“Hər kəsin həyatında sevdiyi, lakin unutmaq istədiyi şəxs olur. Mahnı elə bu mövzudadır. Əslində, başqa mahnıya klip çəkdirmək istəyirdim, lakin bu mahnının əhatə etdiyi mövzu və musiqisi diqqətimi cəlb etdi, ona görə də məhz buna klip çəkdirdim”, - deyə S.Rəhimli bildirib.
Yeni klipinin çəkilişləri və kadrarxası məqamlarından bəhs edən ifaçı taxtanın yanması səhnəsinin çətinliklə ərsəyə gəldiyini deyib. Müğənni ekran işində istifadə etdiyi iddialı geyimlərin anası tərəfindən hazırlandığını qeyd edib.
O, jurnalistlərin “Özünüzü Azərbaycanın seks-simvolu hesab edirsinizmi?” sualına belə cavab verib: “Bunu mənə orta məktəb illərində də deyirdilər. Hər zaman söyləyirdilər ki, Səmra uzun ətək də geyinsə, yenə diqqət cəlb edəcək. Mənim səhnədəki geyim tərzimlə həyat tərzim tam başqadır. Elə artist də bunu bacarmalıdır, ekran qarşısında, səhnədə kompleksiz olmalıdır”.
Anası qızının sözlərinə əlavə edərək bildirib ki, övladı bu titulu daşımaq üçün iddialı deyil, bunun üçün Azərbaycanda digər məşhur ifaçılar var. O, “Səmra brenddir. Bu adı qorumalıdır. Sözügedən və digər mövzularla bağlı kiminsə adını çəkib reklam etmək fikrimiz yoxdur”, - deyərək sözlərinə əlavə edib.
Səmra Rəhimli “Badminton” klipində birgə rol aldığı fitness-model Fövqi Əfəndi ilə sevgili olması xəbərinə də münasibət bildirib: “Biz sevgili deyilik. Onu klipdə oynamaq üçün anam seçmişdi”.
Müğənninin anası İlahə Baxşıyeva isə “Səmra onunla idman zalında məşq edirdi. Tərbiyəsini bəyəndim. Həmçinin üz cizgiləri və bədən quruluşunun həmin klipə uyğun olduğunu düşündüm. Ona görə də klipdə çəkilməyə dəvət etdim. İndi bu, o deməkdir ki, Səmra klipində çəkilən oğlanlarla sevgili olmalıdır? Onun hələ 22 yaşı var. Yalnız sənəti ilə məşğuldur”.
Aytən Sadıqzadə
Foto: Ehtiram Cəbi
www.oxu.az