Tanınmış diktor, müğənni-bəstəkar Ramiz Qafarov müsahibə verib.
Oxu.Az Qafqazinfo-ya istinadən həmin müsahibəni təqdim edir.
- İllərdir səsinizi tribunalardan eşidirik. Heç düşünməzdik ki, bu səsin sahibi müğənnidir. Maraqlıdır, özünüzü diktor kimi təqdim etmək rahatdır, ya müğənni?
- Bəli, dediyiniz kimi mən illərdir diktorluqla məşğulam. Ancaq müğənni kimi də yeni faəliyyət göstərmirəm. Oxumağımla bağlı maraqlı bir əhvalat danışım sizə. Bir dəfə boks üzrə Bakıda möhtəşəm tədbir keçirilirdi. Mən də həmin tədbirə dəvətli idim. Geniş bir ziyafət təşkil edilmişdi. Birdən xaricdən gələn Boks Federasiyasının nümayəndəsi belə bir fikir səsləndirdi ki, mən xahiş edirəm, sizin diktor bir mahnı ifa etsin. Bu, sözsüz ki, məndə təəccüb yaratdı. İlk olaraq belə düşündüm ki, yəqin yanımda əyləşənlər ona mənim müğənni olmağım barədə məlumat veriblər. Lakin onlar bunu etmədiklərini dedilər. Mən soruşdum ki, niyə məhz məndən xahiş etdi? Həmin nümayəndə cavabında maraqlı bir fikir söylədi. Dedi ki, mən neçə gündür sizin diktora qulaq asıram və onun səsində o qədər musiqi var ki, ola bilməz o oxuya bilməsin. Çünki mən cavanlığımda gitara ifaçısı olmuşam musiqidən və musiqiçidən başım çıxır. Bu sözlərdən sonra mən oxumaya bilməzdim və Rəşid Behbudovun “Üzüyümün qaşı firuzədəndir” mahnısını oxudum. Mən oxuduqca fikir verirdim ki, həmin nümayəndə başını aşağı salıb və göz yaşı da sel kimi axır. Artıq bilmədim Tofiq Quliyevin mahnısı ona belə təsir etdi, ya Rəşid Behbudovun boğazları. Bundan sonra da hansı toy məclisinə gedirdimsə, mənə söz verirdilər ki, Ramiz Qafarov çıxış etməlidir. Bir növ adət halını almışdı. Deyirdilər ki, Ramiz Qafarov gəlibsə, bir bəstəkar kimi öz mahnılarından ifa etsin. O müğənnilərin sözü olmasın, deyirlər, mən 50 ildir sənətdəyəm, 5 yaşımdan oxuyuram. Əslində bu doğrudan da belədir. Mən də məktəb illərindən bəri oxumağa başlamışam.
- Etiraf edək ki, bu yaxınlarda efirdə müğənni kimi çıxışınızdan sonra sizə olan maraq bir qədər də artdı?
- Əgər rəsmi şəkildə incəsənətə gəlməyimdən söhbət gedirsə, 15 ildən çoxdur ki, mən incəsənətdəyəm. Həm də ki, mən bəstəkarlıq fəaliyyəti ilə məşğulam. Bilirsiz ki, Azərbaycanda demək olar ki, bütün idman mahnılarının müəllifiyəm. 2002-ci ildə ilk mahnım “Azerreyl” olub. O zaman bizim komandamız uğurlarını sıralayırdı. Mən də fikirləşdim ki, niyə “Barselona”nın, “Real” Madridin və başqa klubların öz mahnıları var, bizim yoxdur. Ona görə belə bir mahnı bəstələdim. Özüm də elə onu canlı olaraq “Azerreyl” - “Uraloçka” matçının fasiləsində ifa etmişəm. 15 il bundan qabaq 5 min tamaşaçının qabağında mən məhz bu mahnı ilə çıxış etmişəm. Daha sonra “Azərbaycan, sən birinci ol”, “Neftçi” və.s mahnılar yazdım. Hazırda 30-a yaxın idman mahnılarım var. Mənə elə gəlir ki, Azərbaycanda ikinci belə bəstəkar yoxdur.
- Səsinizə görə sizi stadiondan kənarda tanıyanlar olurmu?
- Olur, bir də görürsən ki, birinci sözdən tuturlar. Yada salmasalar da deyirlər ki, səsiniz tanış gəlir. Hətta bəzən telefonda cavab verərkən həmin an tanıyırlar.
- Efirdə çıxışınız zamanı bildirmisinz ki, bu mahnılarımla toy biznesinə gəlirəm. Bəs, hazırda toylarda “at oynadan” müğənnilərin ciddi müqaviməti ilə qarşılaşacağınızdan qorxmursunuz ki?
- Sözsüz ki, müqavimət olacaq. Bu, şou-biznesin qanunudur. Amma məsələ burasındadır ki, xalq mənə deyir ki, bu səslərdən yorulmuşuq. Eyni səs, eyni ifa. Radioya qulaq asırsan adı deyilməmiş bilmək olmur ki, ifa edən hansı müğənnidir. Xalq da yeni bir səs istəyir. Mən də deyirəm ki, mənim mahnılarımda yeni səs, yeni tərz var. Əsl Azərbaycan musiqiləridir. Belə fikirləşdim ki, əgər xalq bəyənirsə, niyə bir bəstəkar-müğənni kimi toylarda öz mahnılarımı ifa etməyim. Əsas məqsədim odur ki, toyların səviyyəsi qalxsın. Bir şeyi də deyim ki, mənim “Nənəm” mahnım artıq partlayışa səbəb olub. İnternetdə ən çox dinlənilən mahnıdır.
- Müğənniliyə gəlişiniz diktorluqdan gedişinizə səbəb olmayacaq ki?
- Xeyr, hara gedirəm. Mənim əsas sənətim aparıcılıqdır, diktorluqdur. Mən daima böyük sənətkarların, dövlət konsertlərinin aparıcısı olmuşam. Hər işin öz yeri var.