Ötən gün “Şəfa” stadionunun meydançasında ümummilli lider Heydər Əliyevin 91-ci ildönümünə həsr olunan futbol oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, AFFA-nın təşkilatçılığı ilə keçirilən layihənin rəhbəri gənc müğənni Ramal Əsədzadədir. Bu dəfə meydandakı rəqiblər həmişəki kimi peşəkar futbolçular deyil, şou-biznes nümayəndələri olub.
“Şou-biznes” komandasının üzvlərində müğənnilər Rüfət Axundov, Ramal Əsədzadə, Zarina Məmmədova, meyxanaçılar İntiqam və Ehtiram Hüseynovlar, Aşıq Əli, prodüser Təranə Səmədova, “Kristal qrupu”, şairə Nazilə Səfərli, meyxanaçı Samirə iştirak edib. Komandanın kapitanı Təranə Səmədova, baş məşqçisi prodüser Mədinə Malik olub.
“Teleaparıcılar” komandasında isə Anar Cəfərov, Vüsalə Əlizadə, Samir Bayramlı, Günay Rəhimova, Kamran Quliyev, Ülviyyə Əliyeva, Tural Ozan, Lamiyə Ələkbərqızı, Şəhriyar Əbilov, İsmayıl Abdullayev, Vüsalə Şahvəliqızı, Rəhman Rəsulov yer alıb. “Teleaparıcılar” komandasının kapitanı Ülviyyə Əliyeva, baş məşqçisi Mətanət Əliverdiyeva olub.
Şounun aparıcıları Samir Bayramlı və Vüsalə Əlizadə, oyunu idarə edən hakimlər isə AFFA-dan olublar.
Oyun 9:7 hesabı ilə “Şou-biznes” komandasının xeyrinə yekunlaşıb.
Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az