Bu gün Şuşanın işğalından 22 il ötür. Biz hələ də Şuşasız yaşamağa məhkumuq. Dəyişən zamanın sağalmaz Şuşa yarasına tamaşa etmək isə çətindir. Amma insanın daxilindəki inam hissi əbədi olaraq ölmür. O səbəbdən də Şuşanın işğaldan azad olunacağına hər zaman ümid var.
Oxu.Az Modern.az-a istinadən məcburi köçkün həyatı yaşayan əslən Şuşadan olan Solmaz Quliyeva ilə müsahibəni təqdim edir.
Solmaz Quliyevanın sözlərinə görə, “Şuşa o qədər gözəl, səfalı yer idi ki, onu xatırlamamaq qeyri-mümkündür. Yaz gələndə Şuşa bir cür xatırlanır. Şuşanın axşamları fərqli olduğundan axşamlar bir cür xatırlanır. Mətbəxə girəndə Şuşanın zəngin mətbəxi yadıma düşür. Ümumiyyətlə, elə bilirəm ki, Şuşanın işğalından əsrlər keçib. Nəvəm deyir ki, nənə, uşaq olanda sən Şuşadan çox danışmısan. İndi böyük oğlanam. 18 yaşım var. Bəs Şuşanı nə vaxt görəcəm?! Cavab verə bilmədiyimə görə pis oluram”.
Məcburi köçkün həyatı yaşayan xanım deyir ki, Şuşadan çıxıb harasa gedə biləcəyi ağlına da gəlmirdi:
“Şuşanı tərk etmək fikrimiz yox idi. Halbuki dizə qədər qarda, soyuqda “qrad” atılanda bütün divarlar silkələnirdi. Uşaqları da götürüb binanın zirzəmisinə enirdik. Axşam sakitlik olan kimi evə girdik. Sanki evə top atmışdılar. Buna baxmayaraq, qorxu hissi yox idi. Fikirləşirdik ki, Bakıdan kömək gələcək. Onu da deyim ki, Şuşadan çıxıb harasa gedə biləcəyimiz ağlımıza da gəlmirdi.
Allah heç kəsə belə həyat nəsib etməsin. İnsan evindən-eşiyindən necə ayrıla bilər?! Nəyimiz vardısa, qoyub gəldik.
Mayın 7-si Şuşa artıq mühasirədə idi. Bircə Şuşadan çıxmağa Laçın yolumuz var idi. İşlədiyim məktəb dekabr ayına qədər fəaliyyət göstərdi. Dekabrda məktəbimizi də partlatdılar. Şuşanın o vaxtkı icra hakimi dedi ki, artıq biz mühasirədəyik. Heç olmasa uşaqları qocaları, qız-gəlinləri çıxartmaq lazımdır.
Bu gün də qaçqın sözünü heç qəbul edə bilmirəm. Neyləməli idik, qız-gəlini erməninin əlinə verməli idik?! Biz öz vətənimizdə necə qaçqın ola bilərik?! Biz öz yurdumuzdan, Şuşadan məcburən köçkün düşdük. İndi 20 ildən artıqdır ki, məcburən Bakının havasını uduram”.