Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![Tanınmışlardan “Qarabağ”ın bugünkü oyununa - PROQNOZ](https://images.oxu.az/2014/11/06/16/13/05/974/mugenniler:1200.jpg)
Tanınmışlardan “Qarabağ”ın bugünkü oyununa - PROQNOZ
“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda bu gün Bakıda Ukraynanın “Dnepr” komandası ilə oynayacaq.
Oxu.Az İnformasiya Agentliyi tanınmışların bugünkü oyunla bağlı proqnozlarını öyrənib.
Müğənni Əlikram Bayramov:
“Hesab 1:1 ilə nəticələnəcək. “Dnepr” o qədər də yaxşı oyun nümayiş etdirmir.
Aktyor Elməddin Cəfərov həmişəki kimi zarafatyana cavab verir:
“Oyunun gedişində nələr baş verəcəksə, söyləyə bilərəm. Birinci qolu bizimkilər vuracaq. İkincisi ukraynalılardan gələcək. İkinci hissənin təxminən 70-ci dəqiqəsində növbəti qolu “Qarabağ” vuracaq. Beləliklə, maç 2:1 hesabı ilə başa çatacaq”.
Stilist Anar Ağakişiyev:
“Mən ümumiyyətlə, “Qarabağ”a azarkeşlik edirəm. Amma həmişə ümidlərimi doğrultmur. Mənim iki variantım var: matç ya 1:1, ya da 2:1 ilə sona çatacaq”.
Aşıq Telli Borçalı:
“Mən futbolu sevirəm. Bir dəfə səhv etmirəmsə, “Milan”-“Qalatasaray” oyununa baxırdım. Matçın sonu yaxınlaşır, amma bir qol da vurulmamışdı. Gecə saat 3 idi. Sonda “Milan” bir qol vura bildi, mən “ura” deyib qışqırmağa başladım. Səhəri gün qonşu qadınla rastlaşanda o məndən soruşdu ki, dünən gecə sizdə nə olmuşdu? Yaman qışqırıqlar gəlirdi... Dedim ki, futbola baxırdım.
Odur ki, saat neçə olursa olsun mən futbolu həmişə izləyirəm. Düşünürəm ki, “Qarabağ”-“Dnepr” oyunu 2:0 ilə nəticələnəcək”.
Meyxanaçı Kərim:
““Qarabağ” ümidverici oyun nümayiş etdirmir. Hesab edirəm ki, matç heç-heçə ilə başa çatacaq”.
Müğənni Ayaz Qasımov:
“Mən futbol azarkeşi deyiləm və matçları izləmirəm. Amma hər halda “Qarabağ”ı dəstəkləyirəm”.
Aparıcı Şəhriyar Əbilov:
“Mənim fikrimcə, “Qarabağ” Kiyevi 2:1 ilə yola salacaq”.
Qeyd edək ki, “Qarabağ” (Azərbaycan) - “Dnepr” (Ukrayna) matçı bu gün saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyunu polşalı hakimlər briqadası Pavel Gil, Pyotr Sadçuk, Marçin Borkovski və Konrad Sapela idarə edəcəklər.
Aytən Sadıqzadə
Rəylər