Bakı Şəhər Halqası (Baku City Circuit) Əməliyyat Şirkəti Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi Avropa Qran Prisinin rəsmi elçilərinin adlarını ictimaiyyətə açıqlayıb.
Oxu.Az xəbər verir ki, rəsmi elçilər Bakı Şəhər Halqası tərəfindən Bakıda keçiriləcək Avropa Qran Prisi ilə əlaqədar tədbirlərdə iştirak edəcək, bu yarışla bağlı aparılan kampaniyalara dəstək verəcək və şəxsi sosial media kanalları vasitəsilə öz pərəstişkarları ilə yanaşı, ümumilikdə ictimaiyyət arasında Avropa Qran Prisini təbliğ edəcəklər.
Elçilərdən 3-nün adına aydınlıq gəlib. Onlardan biri respublikanın əməkdar artisti Tünzalə Ağayevadır. O, 2015-ci ildə keçirilmiş Avropa Oyunlarında könüllülər komandasının elçisi olmuşdu və indi də bu ənənəni Avropa Qran Prisində davam etdirəcək.
Digər elçi isə Rəhim Əliyevdir. Avtoidman sevərlər onu daha çox “Formula-1” şərhçisi kimi tanıyırlar. 2010-cu ildən etibarən “Formula-1”in Azərbaycanda rəsmi yayım hüququnun sahibi İdman-Azərbaycan kanalı vasitəsi ilə bu idmanı ictimaiyyətə çatdırır. 2005-ci ildə ölkədə “Formula-1”i işıqlandıran yeganə internet resursunu – F-1.az saytını təsis edib və hazırda da saytın sahibi və baş redaktorudur.
Adı açıqlanan 3-cü elçi isə hamımızın fəxri, Azərbaycanı ölkədən kənarda dəfələrlə uğurla təmsil edən Gülhüseyn Abdullayevdir. Gülhüseyn karyerasına 8 yaşında kartinqlə başlayıb. Daha sonra dəfələrlə Türkiyədə yarışlara qoşulub və yüksək yerlər tutub. Tutduğu bu yerlərə görə beynəlxalq kartinq yarışlarına qoşulmağa haqq qazanıb və uğurla çıxış edib. Ötən ilin sonlarında İspaniyada “Formula-3” maşını ilə testlərə qoşulan Gülhüseynin son uğuru isə, keçən ayın sonlarında qeydə alınıb. Dubayda keçirilən “Formula Gulf 1000” yarışında çıxış edən həmyerlimiz ilk yarışda 3-cü olub. İkinci yarışda isə podiumun ən yüksək zirvəsinə qalxıb.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai rəsmi elçilərin sayının artacağını bildirib:
“Biz bu gün F1 Avropa Qran Prisinin təbliğində öz imkanlarını səfərbər edəcək rəsmi elçilərin ilk üçünün adını açıqlayırıq və onların sırasına tezliklə yenililərini əlavə edəcəyik. Azərbaycanlılarla yanaşı, xarici ulduzlar arasından seçilmiş elçilərimiz də olacaq. Onlar Avropa başda olmaqla “Formula-1” yarışına marağın olduğu hər yerdə Avropa Qran Prisini tanıdacaqlar”.