Türkiyənin tanınmış müğənnisi Doğuş Xoşqədəm Hidayətqızının təqdimatında ATV-də yayımlanan “Səni Axtarıram” verilişinə üz tutub.
Oxu.Az xəbər verir ki, müğənni uşaq evində böyüyüb. Həmişə anasını axtarmağa çalışıb:
“9 yaşından küçələrə düşmüşəm. 14 yaşında isə həbsxanaya girdim. Ac qalıb oğurluq etdiyimə görə bir neçə dəfə bu hal təkrarlandı. 18 yaşından işləməyə başladım. Ayaqqabı boyayırdım, simit, su satırdım ki, özümü dolandırım. Daha sonra mahnı ifa etməyə başladım və özüm də mahnılar yazdım. Bununla da həyatım dəyişdi. Uşağını körpələr evinə atan ananı üzrlü səbəblərdən: xəstədirsə, cahildirsə bağışlamaq olar, əks halda əsla. Mən heç vaxt övladımı atmaram. Anamın Almaniyada yaşadığını bilirdim. Uşaq vaxtı qaçaq yolla təyyarələrə, avtobuslara minib Almaniyaya getmək istədim, amma yaxalandım. Anasız böyüdüyüm üçün anamın ayaqlarını qucaqlayıb bir daha məni atma demək istəyirdim”.
Bunları söyləyən müğənni göz yaşlarına hakim ola bilməyib.
Müğənninin gəlişinin əsl səbəbi isə məlum olub:
“Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə buradayam. Bakıda 160 uşaq yaşayan internat məktəbində xeyriyyə tədbiri olacaq. Mən də uşaqları sevindirmək üçün həmin tədbirə qatılacam. Həyat hekayəmi danışaraq insanlara ümid olmaq istədim. Belə proqram təqdim etdiyi üçün Xoşqədəm xanıma təşəkkür edirəm”.
Həmin kadrlara 27:50-ci dəqiqədən baxa bilərsiniz.
Aytən Sadıqzadə
www.oxu.az