Türkiyədə rüşvət və korrupsiya ittihamı ilə nazir oğullarının, vəzifəli şəxslərin və məşhur iş adamlarının həbs olunduğu polis əməliyyatının detalları yavaş-yavaş bəlli olur. Əməliyyatda hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının (AKP) mənsublarının və onların ailə üzvlərinin hədəf alınması Türkiyədə şok effekti doğurub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu gün səhər iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraktarın oğlu Oğuz Bayraktar, Z.Çağlayanın köməkçiləri Behçet Kaynar və Onur Kaya, Ə.Bayraktarın müşaviri Sadık Soylu, bu nazirliyin şəhərsalma idarəsinin müdiri Mehmet Əli Kahraman, İstanbulun Fatih rayonunun AKP-dən olan bələdiyyə başqanı Mustafa Dəmir, “Halkbank”ın baş direktoru Süleyman Aslan, ölkənin ən zəngin iş adamlarından olan Əli Ağaoğlu, sənətçi Əbru Gündəşin həyat yoldaşı, məşhur iş adamı Rza Zərrab və digər şəxslər polis tərəfindən saxlanılıb.
Hələlik bu şəxslər haqqında həbs qərarının verilib-verilməyəcəyi bəlli deyil.
Daxili İşlər Nazirliyinin Əmniyyət Gənəl Müdirliyindən (baş polis idarəsi) mətbuata bildiriblər ki, əməliyyat 1 ildir davam edən fiziki və texniki izləmə nəticəsində toplanan materiallar əsasında həyata keçirilir. İstintaqı İstanbul Cümhuriyyət Baş Prokurorluğunun baş prokuror vəkili (1-ci müavin) Zəkəriyyə Öz və onun tabeliyindəki prokuror Cəlal Qara aparır. Z. Öz “Ergenekon” əməliyyatının istintaqını aparan və bu çərçivədə çoxsaylı həbslərə sanksiya verən prokuror kimi tanınır.
Hələlik hökumət və hakim partiya baş verənlərə münasibət bildirməyib.
12:30
Türkiyədə saxlanılan şəxslərə dair yeni məlumatlar açıqlandı. Saxlanılan nazir oğlunun İqtisadiyyat naziri Zafər Çağlayanın oğlu Saleh Kaan Çağlayan olduğu bildirilir.
Həbs olunanlar arasında daha iki nazir - Daxili işlər naziri Müammar Gülərin oğlu Barış Gülər və Ekologiya və şəhərsalma naziri Ərdoğan Bayraktarın oğlu Abdullah Oğuz Bayraktar da var.
11:54
İstanbulda Rza Zerrab kimi tanınan Azərbaycan əsilli iş adamının evinə polis basqın edib.
Oxu.Az AHT-yə istinadən xəbər verir ki, Türkiyədə Maliyyə Şöbəsi tərəfindən uzun zamandır davam edən hazırlıq işləri ardından kommunal dələduzluq və rüşvət əməliyyatı keçirilib.
Səhər saatlarında polislər tərəfindən keçirilən əməliyyatda Ali Ağaoğlu və tanınmış müğənni Ebru Gündeşin əri, Azərbaycan əsilli Rza Zerrabla birlikdə 18 insan nəzarət altına alınıb.
Aytən Sadıqzadə
www.oxu.az