Avropa Komissiyası (AK) bu gün Bakıda “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya sazişinin imzalanmasını alqışlayıb.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, bu barədə AK-nin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilir.
Qeyd olunur ki, bu sazişin imzalanması 2019-cu ilin əvvəlindən başlayaraq Avropanın hər il milyardlarla kubmetr qaz alacağını təsdiqləyib:
“İndiyədək qəbul olunmuş bütün qərarlar, o cümlədən TAP layihəsinin Azərbaycan qazının Avropaya əsas ixrac marşrutu kimi seçilməsi bu yekun investisiya qərarı ilə şərtlənib”.
AK-nin prezidenti Joze Manuel Barrozu bildirib ki, “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya sazişinin imzalanması Avropanın daha güclü enerji təhlükəsizliyinə qapı açmağa imkan verir:
“2011-ci ilin yanvarında Azərbaycan prezidenti İlham Əliyevlə imzaladığım birgə bəyannaməyə əsaslanan bu addım AB-nin Xəzər hövzəsinin qazına birbaşa çıxışı deməkdir. Enerji daşıyıcılarının nəql marşrutlarının diversifikasiyası avropalı istehlakçıların və müəssisələrin rifahına xidmət edəcək”.