Mediada xalq artisti, millət vəkili Zeynəb Xanlarova ilə bağlı ilginc məlumat yayılıb.
Məlumata əsasən, bu ilin əvvəlində Z.Xanlarovanın dəvəti ilə ölkəmizə gələn Türkiyə vətəndaşı Seyfi Azərioğlu ilə Xalq artisti arasında qalmaqal yaranıb.
Qalmaqal Z.Xanlarovanın Amerikada planlaşdırılan konsertlərinin xalq artistinə viza verilməməsi səbəbindən baş tutmamasından sonra ortaya çıxıb.
Hazırda hər iki tərəf bir-birini işgüzar nüfuzuna ziyan vurmaqda ittiham edərək bunun müqabilində dəymiş ziyana görə təzminat tələb edir.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, İzmir şəhərindəki Azərbaycan Kültür Dərnəyinin rəhbəri olan Azərioğlu Seyfi Suhrab oğlu məhkəmə materiallarını AzNews.az-a təqdim edib.
Bildirib ki, Səbail rayon Məhkəməsinin hakimi Elşad Şamayevə qarşılıqlı iddia ərizəsi ilə müraciət edib.
Cavabdeh tərəf kimi Maral Hüseynovanın adının çəkildiyi iddia ərizəsində xalq artisti, millət vəkili Zeynəb Xanlarova və vəkil Aslan İsmayılovun da adı çəkilir. Qeyd edək ki, ərizədə adı çəkilən Hüseynova Maral Yunis qızı iddiaçı qismində bu il mayın 16-da Səbail rayon Məhkəməsinə müraciət edərək, Seyfi Azərioğlunun “Xidmət göstərilməsinə dair” 25 yanvar 2013-cü il tarixli Müqavilə üzrə öhdəliklərimi icra etmədiyi üçün maddi zərərin əvəzi kimi 162.000 ABŞ dolları və 230 manat, mənəvi zərərin əvəzi kimi 10.000 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnaməni çıxarılmasının xahiş edib. Həmin 2(009)-1473/2013 saylı mülki iş hal-hazırda hakim Elşad Samayevin icraatındadır.
Seyfi Azərioğlunu Bakıya Zeynəb Xanlarova dəvət edib
Məsələ ilə əlaqədar Azərioğlu Seyfinin bildirdiyinə görə, o, 31 yanvar 2013-cü ildə Xalq artisti Zeynəb Xanlarovanın dəvəti ilə Azərbaycana gəlib: “Azərbaycana gəlişimin məqsədi Zeynəb Xanlarovanın ABŞ-ın San-Fransisko və Los-Anceles şəhərlərində təşkil etməyi planlaşdırdığı konsert proqramlarını təşkil etmək idi.
Azərbaycana gəldikdən sonra Bakı şəhərində “Gəncəli Plaza” otelində yerləşdim. 1 fevral 2013-cü il tarixdə Zeynəb Xanlarovayla görüşərək, əvvəlcədən telefonla danışdığımıza uyğun olaraq sponsorlarla görüşümüzün vaxtı barədə razılaşdıq. Sonra mən oteldə olarkən ayrı-ayrılıqda iki nəfər gəlib məni oteldən götürdülər və biz Bakı şəhərində restoranların birində oturaraq konsertin təşkili üçün xərclər barədə söhbət etdik.
Bir gün sonra Vüsal adlı şəxslə görüşərək sponsorluğu öhdəliyinə götürmüş 2 (iki) şirkət tərəfindən mənə ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək birinci konsert üçün 50.000 ABŞ dolları, San - Fransisko şəhərində keçiriləcək ikinci konsert üçün də 50.000 ABŞ dolları, Zeynəb Xanlarova və onun orkestrinin yol və digər məsrəfləri üçün də 50.000 ABŞ dolları ödəniləcəyi barədə şifahi razılığa gəldik. Sabahısı gün başqa bir nəfərlə qaldığım otelin qabağında görüşdük. Həmin şəxs mənə aramızda heç bir müqavilə olmadan 150.000 ABŞ dolları verdi. Həmin pulları aldıqdan sonra fevralın 5-i Bakını tərk edərək Türkiyəyə getdim. 27 fevral 2013-cü il tarixdə ABŞ-ın Los – Anceles şəhərində getdim. Bütün işlərin təşkil olunması üçün 2 həftə vaxt lazım olduğundan gediş-qayıdış biletini də ona uyğun olaraq almışdım. Bu şəhərlərdə konsertin təşkili üçün konsert salonları kirayələdim”.
Azərbaycan konsulu Zeynəb Xanlarovaya niyə mühafizəçi ayrılmasını istəyib?
S.Azərioğlu bildirir ki, Amerikada 2 televiziya şirkəti və 2 qəzetlə konsertin reklamı üçün razılıq əldə edilib. Həmçinin, Zeynəb Xanlarovanın afişaları hazırlatdırılaraq, Los-Ancelos, San – Fransisko şəhərində küçələrdə divarlara yapışdırılıb: “ABŞ-da olduğum müddətdə oradakı “PARS TV NETWORK” Şirkəti tərəfindən Zeynəb Xanlarova və onun orkestrini ABŞ-a dəvət etmək məqsədilə bir nüsxəsi ABŞ-ın Azərbaycandakı Konsulluğuna göndərilməklə, mənə dəvətnamə təqdim edilməsini təşkil etdim. İşlərin uzanması səbəbindən mən ABŞ-da 35 gün qalmalı oldum. Bu vaxt ərzində 3 dəfə təyyarə bileti dəyişdirdim. Azərbaycana qayıtmağıma 2 gün qalmış Los-Ancelosdakı Baş konsul Nəsimi Ağayev mənə telefonla zəng edərək, görüşmək istədiyini bildirdi.
Baş Konsul görüş zamanı ABŞ-da bu konsertin təşkili üçün gördüyüm işlərə görə məni təbrik etdi və San - Frasisko şəhərində fəaliyyət göstərən 2 televiziya kanalına konsertin reklamı üçün material verməsini xahiş etdi. Eyni zamanda, Baş Konsul bildirdi ki, Kaliforniya ştatında çoxlu erməni yaşadığından konsert zamanı problemlərin yaşanmaması üşüm Zeynəb Xanlarovanın və onun orkestrinin təhlükəsizliyinin təmin olunması məqsədilə mühafizəçilərlə də müqavilə bağlayım. San-Fransisko şəhərində konsert proqramının 10 may 2013-cü il tarixində keçiriləcəyi planlaşdırılmışdı. Nəsimi Ağayev konsert iştirakçılarının ABŞ-ın Azərbaycan Respublikasındakı Konsulluğundan viza alınmasında çətinlik yaranmaması üçün öz adından da dəvətnamə yazaraq bir nüsxəsini ABŞ-ın Azərbaycandakı Konsulluğuna göndərdi, digər nüsxəsini isə mənə təqdim etdi”.
Xalq artistinə Amerikaya viza verilməməsinin ilginc səbəbi
S.Azərioğlunun sözlərinə görə, Zeynəb Xanlarova və onun orkestrinin yol və digər məsrəfləri üçün verilmiş 50.000 ABŞ dollarının 8 minini konsert iştirakçılarının təyyarəyə bilet alınması məqsədilə ABŞ - da konsertin təşkil edilməsində ona kömək etmiş vəkilə verib. 42.000 dolları isə işləri bitirdikdən sonra aprelin 5-də Azərbaycana gətirib. Özü ilə gətirdiyi bu pulu gömrükdə bəyan edib: “Qayıtdığım günün səhəri Zeynəb Xanlarova məni evinə dəvət etdi. Görüş zamanı mən ABŞ-da konsertin təşkili üçün gördüyüm işlərlə bağlı Zeynəb Xanlarovaya ətraflı məlumat verdim. Onun şəkli olan afişaları, qəzetlərdə və televiziyalarda göstərilən reklam roliklərini ona göstərdim. O da öz növbəsində mənə təşəkkürünü bildirdi.
Aprelin 7-si mən Zeynəb Xanlarova və 13 nəfər orkestr üzvü ilə viza alınması üçün Səfirliyinin Konsulluq Şöbəsinə getdik. Konsulluqdan bizə bildirdilər ki, viza almaq üçün viza almaq istəyən hər bir nəfər ayrı-ayrılıqda online şəkildə ərizə-anket formasını doldurmalıdır. Həmin ərizə-anketin doldurulması üçün əvvəl “VİA Group” Travel Agentliyi, sonra isə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə razılığa gəldim. Diasporla İş üzrə Dövlət Komitəsi bizə bildirdi ki, ərizə-anket formalarını 2 gün ərzində bizə təhvil verəcəklər. Həmin gün gecə saat 02:00-da Nəsimi Ağayev mənə zəng vuraraq bildirdi ki, ABŞ Konsulu ona Zeynəb Xanlarova və onun orkestrinə ABŞ-a getmək üçün viza verilməyəcəyini bildirib.
Nəsimi Ağayev bunun səbəbini bilmədiyini dedi. Mənim ABŞ-dakı vəkilimin öyrəndiyinə görə, 1 il əvvəl bir nəfər yəhudi ABŞ-da xeyriyyə məqsədi ilə Zeynəb Xanlarovanın konsertini təşkil edib. Zeynəb Xanlarova xeyriyyə konsertinin biletlərini sataraq gəlir əldə edib, ancaq əldə etdiyi gəlirdən ABŞ-da vergi ödəməyib. Bu səbəbdən də Zeynəb Xanlarova və onun orkestrinə ABŞ Konsulluğu viza verməkdən imtina edib. Bu barədə Zeynəb Xanlarovaya məlumat verdim. Zeynəb Xanlarova mənə bildirdi ki, Xarici işlər naziri Elmar Məmmədyarov vizanın alınmasında onlara kömək edəcək. Lakin bu danışıqlar da heç bir nəticə vermədi”.
Konsert təşkilatçısının Azərbaycanı tərk etməsinə qadağa qoyulub
Danışıqların sonrakı mərhələsində məlum olub ki, yalnız ABŞ-dan P3 vizası üçün dəvətnamə gətiriləcəyi təqdirdə Zeynəb Xanlarova və onun orkestrinə viza verilə bilər. Bu sənədin alınması uzun zaman tələb edildiyindən konsertin iki-üç ay sonra keçiriləcəyi barədə razılıq əldə edilib. Bununla əlaqədar aprelin 13-də ABŞ-a getmək istəyən S.Azərioğluna Hava Limanında bildirilib ki, pasportunda problem var. Problemi həll etmək üçün Dövlət Miqrasiya Xidmətinə və Dövlət Sərhəd Xidmətinə müraciət edilib. Hər iki qurumda S.Azərioğluna sənədlərində heç bir problemin olmadığını bildirilib. Ancaq aprelin 15-də S.Azərioğlu yenə hava limanından heç bir səbəb göstərilmədən geri qaytarılıb.
Vəkil Aslan İsmayılova ağır ittiham
Zeynəb Xanlarovanın müdafiəçisi, tanınmış vəkil Aslan İsmayılov ona ölkədən çıxışına qadağa qoydurduğunu bildirib: “Aslan İsmayılov mənə bildirdi ki, Zeynəb Xanlarova konsert proqramını verməkdən imtina edib və konsertin təşkili üçün verilmiş pulların yarısını ona verməyimi istəyir. O, mənə bildirdi ki, həmin pulu ona verəndən sonra ölkədən çıxışıma olan qadağa aradan qaldırılacaq. Aslan İsmayılov mənə bildirdi ki, pulları verməsəm, həbs olunacam”.
Daha sonra vəkillə görüşdüyünü deyən S.Azərioğlu Aslan İsmayılovun hazırladığı müqaviləni imzalayıb: “Bundan sonra mən 38.000 ABŞ dollarını Aslan İsmayılovun yanında Zeynəb Xanlarovaya qaytardım. 24 apreldə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına getdim. Təyyarəyə minmək üçün gözləmə salonuna qədər olan məsafəni problem olmadan keçdim və pasportuma da çıxış vizası vuruldu. Ancaq təyyarəyə minmək üçün gözləmə salonunda məni yenidən saxladılar və pasportuma vurulmuş çıxış möhürünün üzərinə “ləğv olundu” möhürü vurdular. Mən yenidən “Gəncəli” otelə qayıtmalı oldum. Otelə 2 nəfər polis əməkdaşı gələrək məni Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar. İdarədə rəis müavini məni qəbul edərək bildirdi ki, Hüseynova Maral adlı şəxs mənim barəmdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edib.
Rəis müavini mənə mənlə bağlanmış müqaviləni göstərdi. Mən də müqavilənin məndə olan nüsxəsini göstərərək, müqaviləni 19 aprel 2013-cü il tarixində imzaladığımı və müqaviləni Hüseynova Maralla imzalamadığımı bildirdim. Bundan sonra İdarədə ifadəmi aldılar, pasportumu geri qaytardılar, mənimlə bağlı heç bir problemin olmadığını bildirərək, sərbəst hərəkət edə biləcəyimi söylədilər. Daha sonra mən dəfələrlə Zeynəb Xanlarova ilə əlaqə saxlamağa çalışsam da, o, mənim zənglərimə cavab vermədi. Bu səbəbdən, Milli Məclisinin deputatı cənab Çingiz Qənizadəyə müraciət etdim. Ç. Qənizadə mənə qarşı qanunsuz hərəkətə yol verildiyini bildirdi.
Mən Qənizadənin məsləhətiylə Türkiyə Səfirliyinin Konsulluq Şöbəsinə müraciət etdim. Konsulluq Şöbəsi mənim ölkədən çıxışıma qadağa qoyulmasının səbəbini öyrənmək məqsədilə Xarici İşlər Nazirliyinə müraciət etdi. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin müraciətə hələ cavab verməyib. Sonra mən hüquqi yardım almaq üçün “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinə (AMM) müraciət etdim. 3 aydan çoxdur ki, Azərbaycanı tərk edə bilmirəm. Bu səbəbdən mənim planlaşdırdığım bütün işlərim yarımçıq qalıb. İki aya yaxın müddətdə otellərdə, sonradan isə ayı 1000 AZN olan ev kirayələyərək orda yaşayıram.
"Həmin müqaviləni vəkil Aslan İsmayılov məni aldadaraq imzalatdırıb"
S.Azərioğlu hesab edir ki, Maral Hüseynovanın iddiası tamamilə əsassızdır: "Zeynəb Xanlarovanın konsertinin təşkili üçün 150.000 ABŞ dolları məbləğində pul mənə 2013-cü ilin fevral ayında “Gəncəli” otelin qabağında sponsorların nümayəndəsi tərəfindən verilib. Eyni zamanda, mənim Maral Hüseynova ilə heç bir razılaşmam, danışığım olmayıb. Mən Maral Hüseynovanı ancaq Zeynəb Xanlarovanın evində olanda bizə çay gətirəndə görmüşəm. Həmçinin, Zeynəb Xanlarovanın konsert proqramı mənim öhdəliklərimi icra etməməyimdən deyil, ABŞ –ın Azərbaycan Respublikasındakı Səfirliyinin Konsulluq Şöbəsi tərəfindən Zeynəb Xanlarovaya viza verilməməsi səbəbindən təxirə salınıb.
Eyni zamanda, Maral Hüseynovanın məhkəməyə təqdim etdiyi həmin müqavilənin 3 –cü maddəsinin 1-ci bəndinə göstərilib ki, müqavilə 25 yanvar 2013-cü il tarixdə imzalandığı andan qüvvəyə minir və 25 aprel 2013-cü il tarixədək qüvvədədir. 25 yanvar 2013-cü il tarixdə mən Azərbaycan ərazisində olmamışam. Azərbaycan Respublikasına 31 yanvar 2013-cü il tarixində gəlmişəm. Bu səbəbdən həmin müqavilənin 25 yanvar 2013-cü il tarixdən qüvvəyə minməsi mümkünsüzdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.1 –ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 407-ci maddəsinə əsasən, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır.
Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmçinin, mən 19 aprel 2013-cü il tarixdə Aslan İsmayılovun ofisində olarkən o, hazırladığı müqaviləni kompüterdən oxuyanda mənə müqaviləni Zeynəb Xanlarova ilə bağladığımı demişdi. Mənim Maral Hüseynova ilə heç bir razılaşmam, danışığım olmayıb. Həmin müqaviləni vəkil Aslan İsmayılov məni aldadaraq imzalatdırıb. Belə ki, o mənə müqaviləni başqa cür oxutdurub, amma imzalamaq üçün mənə başqa məzmunda müqavilə verib. Maral Hüseynovanın Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təqdim etdiyi müqavilə də bir nüsxəsini mənə təqdim edilmiş müqavilə məzmununda idi və həmçinin, Maral Hüseynovanın imzası həmin müqavilədə yox idi. Amma müqavilənin məhkəməyə təqdim edilən surətində onun imzası var. Hal-hazırda Maral Hüseynovanın məhkəməyə təqdim etdiyi müqavilə isə məndə verilmiş nüsxəsindən tamamilə fərqlənir. Belə ki, mənə verilmiş nüsxədə 3-cü maddənin 1-ci bəndi tamamilə fərqlənir.
Eyni zamanda, məndə olan nüsxədə 2-ci maddədə “İcraçı”nın öhdəlikləri hissəsində 5-ci bənd yoxdur. Hesab edirəm ki, həmin müqavilə sonradan dəyişdirilərək imzalanıb, imzam isə saxtalaşdırılıb. Maral Hüseynova Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə mənim barəmdə şikayət etdiyi üçün, polislər məni İdarəyə apararkən, həmçinin, mən İdarədə dindirilərkən, şəkərli diabet xəstəsi olduğumdan həyəcanlanaraq, mənəvi sarsıntı keçirmişəm. Həmçinin, mən İzmir şəhərində Azərbaycan Kültür Dərnəyinin rəhbəri olduğum üçün mənim işgüzar nüfuzuma zərər vurulub. Həmçinin, mənim ölkədən çıxışıma qadağa qoyulduğu üçün mən planlaşdırdığım işləri həyata keçirə bilməmişəm. Bunun müqabilində mənə əldən çıxmış faydaya görə, maddi zərər dəyib”.
S.Azərioğlu məhkəmədən xahiş edib ki, cavabdeh Maral Hüseynovanın 16 may 2013-cü il tarixli “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddiasının təmin edilməməsi, “Xidmət göstərilməsinə dair” müqavilənin etibarsız hesab edilməsi, Maral Hüseynovadan mənə vurulmuş maddi zərərin əvəzi kimi 20 000 manat və 137 manat, mənəvi zərərin əvəzi kimi 50 000 manat, əldən çıxmış faydaya görə 50 000 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq mənə verilməsi barədə qətnamə çıxarılsın.
Qeyd edək ki, Azərbaycan Miqrasiya Mərkəzi S.Azərioğlunun ölkədən çıxışına qoyulan qadağanın aradan qaldırılmasına nail olub və o, artıq Bakını tərk edib.