Azərbaycanda fəaliyyət göstərən Türkiyənin tanınmış opera ifaçısı Oya Ergün dünya şöhrətli ölməz sənətkar Rəşid Behbudovun mahnılarından ibarət albom hazırlayır.
Oxu.Az xəbər verir ki, Gecce.az-ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi və Türkiyənin ölkəmizdəki səfirliyinin dəstəyi ilə hazırlanan albomda Rəşid Behbudovun lentə aldığı mahnılar yer alacaq.
O.Ergün vurğulayıb ki, albom yaxın günlərdə tamaşaçılara təqdim ediləcək. Hazırda albomu türkiyəli bəstəkar Uğraş Durmuş ilə birgə Azərbaycan Dövlət Filarmoniyasında lentə aldığını söyləyən O.Ergün Bakıda olmağından məmnunluğunu dilə gətirərək pərəstişkarlarından xeyli məktublar aldığını diqqətə çatdırıb. Onu da deyək ki, albomda 12 mahnı yer alacaq. Bütün mahnılarda akustik instrumentlərdən istifadə olunub. Klassik janrda olacaq albomun mahnılarında yalnız canlı instrumentlərdan istifadə olunub.
Oya xanım albomun ərsəyə gəlməsində ona olan dəstəyə görə Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkuna minnətdarlığını bildirib.
Tanınmış opera ifaçısı vurğulayıb ki, Rəşid Behbudovun mahnılarından ibarət musiqi albomunu hazırlamaq onun uşaqlıq arzularından biridir.
“Mən hər zaman Rəşid Behbudovun heyranı olmuşam. Belə səs yoxdur. Allah ona rəhmət eləsin, möhtəşəm bir sənətkar olub. Belə bir musiqi albomunun işıq üzü görməsi mənim arzularımdan biridir. Bu arzumun gerçəkləşəcəyi üçün çox sevincliyəm. Hisslərimi sözlə ifadə edə bilmirəm. Bu iş böyük məsuliyyət tələb edir. Ümidvaram ki, Rəşid Behbudovun heyranı olan musiqisevərlər bizim hazırladığımız albomdan çox məmnun qalacaqlar. Mən hazırda mahnıları lentə aldığım Azərbaycan Dövlət Filarmoniyasının işçilərinə öz təşəkkürlərimi bildirirəm”.
Müğənni musiqi albomunun Azərbaycan və Türkiyədə geniş təqdimatını keçirməyi planlaşdırır.
Məlumat üçün bildirək ki, Oya Ergün Belçika, Hollandiya, Almaniya, Fransa, İtaliya və digər Avropa ölkələrində geniş konsert proqramları ilə çıxış edib, bir sıra uğurlara imza atıb, eyni zamanda bir çox mükafata layiq görülüb. Musiqi ilə bərabər qadın haqlarını müdafiə etmək üçün layihə həyata keçirib.
Ailəsinə gəldikdə isə atası prokuror, anası isə incəsənət müəlliməsi olub. Özü də musiqi dərsləri verir, ömrünün bir çox ilini Hollandiyada yaşayıb. Həyat yoldaşı Azərbaycanda iş təklifi aldıqdan sonra buraya gəlib. Oya xanım Azərbaycanı çox sevdiyini deyir. Oya Ergün artıq 2-ilə yaxındır, ki, Bakıda yaşayır. O.Ergün Bakıda Şərq və Qərb elementlərini özündə birləşdirən memarlıq nümunələrinə heyran qaldığını, həm qədim, həm də müasir arxitekturanın valehedici olduğunu söyləyir. Eyni zamanda, Oya Ergünün ölkəmizdə Azərbaycan və Türkiyə mahnılarından ibarət “Ruhum” adlı albomu da işıq üzü görüb.