Oxu.Az Qafqazinfo-ya istinadla Türkiyə mediasının fenomeninə çevrilən, “İşte benim stilim”in qalmaqallı azərbaycanlı iştirakçısı Sima Şərafətdinovanın müsahibəsini ixtisarla təqdim edir:
“Məktəbi qızıl medalla bitirmişəm”
- Sima Şərafətdinova kimdir?
- Mən Bakıda fotomodelliklə məşğul olmuşam. Bir çox yerli şirkətlərin reklam çarxlarında yer almışam. Eyni zamanda ANS TV-də yayımlanan “Komedi.az” əyləncəli proqramda çıxışlarım olub. Ondan sonra Space TV-də yayımlanan “Azərlotoreya” verilişində münsif kürsüsündə əyləşmişəm. Artıq mən “Best model of Azerbaijan” müsabiqəsinə qatıldım və birinci seçildim. Erkan Özarman məni çox böyük sevgi ilə qarşıladı. Bu müsabiqənin dünya finalında “Best press 2014” gözəli seçildim. Onu da qeyd edim ki, məktəbi qızıl medalla bitirmişəm. Şeir müsabiqəsinin iki dəfə respublika qalibi olmuşam.

“Dedilər ki, azərilərə yaltaqlıq etməyəcəyik”
- Aydındır, TV 8-də yayımlanan “İşte benim stilim” zövq müsabiqəsinə ulduz almadan birbaşa 13-lüyə daxil oldun...
- Mən “Best model of Azerbaijan” müsabiqəsində iştirak edəndə 55 jürinin hamısı Türkiyənin tanınan simaları idi. Bu zaman bir çox təkliflər oldu. Bu təkliflərdən biri də Bülent Ersoyda eyni filmdə rol almağım idi. Filmin adı “Türk lokumu”dur. Mən aktrisalıq etmək istəmədiyim üçün o filmdə rol almaqdan imtina etdim. Star TV-də yayımlanan “Patron” verilişinə model olaraq qatıldım. Orada məni kəşf elədilər. Mən o zaman “İşte benim stilim-1”in seçimlərinə qatılmışdım. Bakıdan müraciət etmişdim. Qatılmağıma baxmayaraq mənə ulduz vermədilər. Yarışmanın qanunlarına görə, ulduz almayan iştirakçı yarışmaya qatıla bilməz. İştirakçı olan 13 qızın hamısı ulduz alan iştirakçılar idi. İlk gəldiyimdə məni yaxşı qarşılamadılar. Dedilər ki, azərilərə yaltaqlıq etməyəcəyik. Efir arxası münasibətlər də xoşuma gəlmədi. Məni 1-ci yarışmada seçmədikləri üçün sevindim. “Patron” verilişindən sonra yapımcı mənə təklif etdi ki, müsabiqəyə qatılım. Mənim cavabım “yox” oldu. Səbəb isə bir serial çəkilişləri barədə danışıqlar aparırdıq. Qonorar da qane etmədiyi üçün mən onlarla yenidən əlaqə saxladım. Beləliklə, 3-cu sezonun iştirakçısı oldum.

“Onu biabır etdiyimi, mənim qızım heç bir gözəllik müsabiqələrinə qatıla bilməyəciyini söylədi”
- Atan digər müsabiqələrə iştirakın üçün icazə vermişdi?
- Atamın “Best model”ə qatılmağımdan xəbəri yox idi. Mən birinci seçiləndən sonra dünya finalına getdim. Atam burda deyildi. Bakıya gedəndə onu təbrik etməyə başladılar ki, bəs qızın qalib olub. Atam zarafat kimi qəbul edib. Ondan sonra evdə çox gərginlik yaşandı. Mənimlə danışmadı, Bakıya qayıtmağımı istədi. Onu biabır etdiyimi, mənim qızım heç bir gözəllik müsabiqələrinə qatıla bilməyəciyini söylədi. Atam belə şeylərə çox pis baxır, xasiyyəti çox ağırdır. ABŞ-da oxumağıma icazə vermədi. Sırf bunlara görə ki, onun gözünün qabağında olum.
- Hər kəsi bir sual maraqlandırır. Sima kimin qızıdır?
- Mənim atam əslən türkdür. Soyumuz Osmanlı padşahlığından gəlmədir. Bu haqda çox danışmaq istəmirəm. Ata-anam buna xoş baxmırlar. Mən efirdən atamın adını deyəndən sonra bir çox vəzifəli şəxslər zəng etdilər. Çünki bizim soyaddan təkdir. Bu zənglərə görə atam narahat oldu. Dedi ki, mənim kimi bir adamın belə bir qızı ola bilməz, çox utanıram.
- Atanla münasibətin normallaşıb?
- Hə, indi normallaşıb. Ancaq qohumlarla münasibətlərimiz o qədər də ürəkaçan deyil.
“Azərbaycan sözünü çox işlətməyimi istəmirlər”
- Belə anlayıram ki, sənə təziqlər çox olur...
- İnanılmaz dərəcədə... İştirakçılar, kameramanlar belə üstümə qışqırırlar. Onların qışqırmağa haqları yoxdur. Onların cavabı isə “xoş deyilsə qayıt ölkənə” olur. Mən türkləri qonaqpərvər bir millət kimi bilirdim. Universitetdə belə eyni hallarla rastlaşıram. Onlar Azərbaycan sözünü çox işlətməyimi istəmirlər. Türklər “bilərzik” sözünə bilerzik deyirlər. Bir dəfə efirdə bu sözü işlətdim. Dedilər, Türkiyədəsənsə türkcə danışmalısan. Məni mənfi obraz kimi tanıtdırırlar. Mən mədəni şəkildə sözümü deyirəm. Ancaq o biriləri qeyri-etik sözlərdən istifadə etdikləri üçün yayımlaya bilmirlər. İşlətdiyim sözlərin əksəriyyəti kəsilir. Özləri qısqanclıqlarını biruzə verirlər. Mənim atamın varlı olduğunu, bahalı paltarlar aldığımı deyirlər.

“Mənə deyirlər Elnur bir dəfə birinci oldu, sən olmayacaqsan”
- Bu təhqirlər barədə rəhbərliyə şikayət etmirsən?
- Mən neçə dəfə şikayətimi bildirmişəm. Orda məni tək qoruyan Nur Yerlitaşdır. Bir dəfə Ezgi adlı iştirakçı üstümə gəlmişdi, şəxsi həyatım barədə sözlər işlətmişdi. Mən efirdən söz deməyə çalışdım, imkan vermədilər. “Yahşi Cazibə” serialında azərbaycanlanlıları necə pis göstərməyə çalışırdılarsa, bu yarışmada da məni elə göstərməyə çalışırlar. Elnurun “O səs Türkiyə”də qalib eləmələrinin səbəbi isə “biz azərbaycanlıların yanındayıq” demək istəmələridir. İndi bu yarışmada onun əvəzini çıxmaq istəyirlər. Mənə deyirlər Elnur bir dəfə birinci oldu, sən olmayacaqsan. Ən yaxşı geyindiyimi, amma sənin burda yerin olmadığını söyləyirlər.
“40-50 yaşlı insanlar bu təzyiqlərə dözə bilməz”
- İştirakçılarla çox qalmaqalların olur.
- Hər kəs bu yarışmada onların üstümə necə gəldiklərini görməli idilər. Dediyim bir sözü fırlatmağa çalışırlar. Orda iştirakçı Ceremə dedim ki, mən də çıxıb ana-atasız olduğumu, evimin kirayəsini ödəyə bilmədiyimi deyə bilərəm. Hamını mənə yazığı gələcək. Yazığı gəlmək sevmək demək deyil. O qız ancaq özünü yazıq göstərməyə çalışırdı. Bu sözləri ona dedim, sözü fırlatdılar. O qız efirdə ağlamağa başladı. Ağlayandan sonra mahnı qoyub içəridə oynamağa başladılar. Ancaq içi-içimi yeyən mən idim. Ordakı saç ustaları mənə deyir ki, 40-50 yaşlı insanlar bu təzyiqlərə dözə bilməz.
“Anamın Bakını sallayan bir butiki olub”
- Ananızın butiki də olub?
- Bəli, anamın Bakını sallayan bir butiki olub. Həm də dayım qızı Bakıda imicmeyker Elnarə Bəkirovadır. O, bir çox məşhurları geyindirir, onların zövqlərini formalaşmasına köməklik edir. Mənə bu ilham ailədən gəlir.

“Svarovski olan libası endirimlə 16 min türk lirəsinə almışam”
- Yarışmadan 6 ay əvvəl Türkiyədə yaşamısan. Bu ölkəyə elə də bələd deyilsən. Geyim seçmək sənə çətinlik yaratmır?
- Mən artıq 8 aydır ki, Türkiyədə yaşayıram. Çox çətindir. Digər iştirakçıların şansı daha çoxdur. Mən artıq evə tikiş maşını da almışam, öz geyimlərimə nəsə qatıram. Yəni bazara belə gedirəm. Modelyer tanışlarım var. Özəl geyimlər alıram. Qala gecəsində svarovski olan libası endirimlə 16 min türk lirəsinə almışam. 30 kq-dan çox çəkisi var. Burda əsas maddiyyat deyil. İlk geyindiyim 55 TL-lik geyimə görə ulduz almışam.
“Bu yarışmanın reytinqi məndən sonra daha da artdı”
-Sima Şərafətdinova artıq brenddir?
- Bunu Nur Yerlitaş da dedi. 3 sezonda ən çox ulduzu parlayan iştirakçı mənəm. Xasiyyətim digərlərindən fərqlənir. 8 həftə burda olmağım 17 yaş üçün çox yaxşıdır. Bu yarışmanın reytinqi məndən sonra daha da artdı. Hətta fransız kanalı bu layihəni satın aldı. 3 sezon iştirakçıları arasında ən çox “google”da axtarılan ad mən omuşam. İzləyici sayının hamı satın ala bilər. Ancaq “google” statistikasını heç kəs satın ala bilməz. Dünyanın məşhur simaları bu statistikalara görə, sıralanır.